Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda növbəti elmi-praktik seminar keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində təşkil olunan tədbirdə ictimai-siyasi xadimlər, respublika üzrə Heydər Əliyev mərkəzləri, ali təhsil müəssisələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı gündən Ulu Öndərin həyat və fəaliyyətini, onun zəngin siyasi irsini tədqiq etmək, azərbaycançılıq fəlsəfəsini, dövlətçilik ideologiyasını mənimsəmək və təbliğ etmək məqsədilə bir çox işlər aparır. Bununla yanaşı, bu qurum tərəfindən Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini xarici ölkələrdə təmsil və təbliğ etmək, Azərbaycan ictimaiyyətini xarici ölkələrin incəsənət nümunələri ilə tanış etmək məqsədilə bir çox layihələr həyata keçirilir. Bu səbəbdən də Heydər Əliyev Mərkəzi qısa vaxtda həm respublikamızda, həm də xarici ölkələrdə böyük şöhrət qazanıb. Həyata keçirilən layihələrin əksəriyyəti Ulu Öndərin adı ilə bağlıdır.
Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar layihəsinin növbəti məşğələsinin aktual məsələyə həsr olunduğunu bildirən M.Mehdiyeva Ümummilli Liderin bütün sahələr kimi Azərbaycan dilinin inkişafına da çox böyük önəm verdiyini vurğulayıb.
Seminarda Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Alim vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir. Bu müdrik şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son dövrlərədək apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir.
Ulu Öndərin Azərbaycana rəhbərliyə gəldiyi dövrün mənzərəsini yaradan N.Cəfərov qeyd edib ki, Azərbaycan dili keçən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərinə paradoksal bir vəziyyətdə gəlib çıxmışdı. Əsas paradoks isə ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, onun siyasi nüfuzu, yəni dövlət dili olaraq mövqeyi məhdudlaşdırılmış, hətta hər hansı dilin inkişafı üçün mühüm hadisələrdən olan etnik - mədəni kontekstdən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi.
Alimin fikrincə, ümummilli lider Heydər Əliyevin dövlət başçısı kimi uğurlu dil siyasəti yürütməsinin başlıca səbəblərindən biri milli dil quruculuğu təcrübəsinin olması, ikincisi, həmin təcrübəni dərindən öyrənməsi, ənənəni davam etdirməsi idisə, üçüncüsü, ona sözün geniş və böyük mənasında, yaradıcı münasibəti idi. Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik edərkən yürütdüyü milli dil siyasəti kifayət qədər müstəqilliyi ilə seçilib. Xalq gördü ki, respublikanın yeni rəhbəri kənd zəhmətkeşləri ilə görüşlərdən başlamış Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yarım əsrlik yubiley məclisinə, Azərbaycan yazıçılarının qurultaylarına qədər xalqın öz dilində – Azərbaycan dilində danışır. Azərbaycan ədəbiyyatının, ümumən mədəniyyətinin klassiklərinin ümumxalq səviyyəsində keçirilən yubileyləri həm də ana dilinin geniş miqyasda təbliği demək idi. Xalq özünün Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Mirzə Fətəli Axundzadə, Aşıq Ələsgər, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi dahilərinin dövlət və dövlət başçısı miqyasında nə qədər yüksək qiymətləndirildiklərini gördükcə özü də yüksəlirdi.
N.Cəfərov vurğulayıb ki, ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə əksəriyyəti ana dilində yazan müasir Azərbaycan yazıçılarının nüfuzunu o zamanadək görünməmiş bir səviyyəyə qaldırdı, onu sovet ideologiyasının inzibati təzyiqlərindən cəsarətlə qorudu, milli demokratik dünyagörüşünün yayılması üçün geniş meydan açdı. Çox mühüm təşəbbüslərdən biri Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında (1978-ci il) respublikanın yeni Konstitusiyasının qəbul olunması idi. Bu mühüm dövlət sənədinin 73-cü maddəsində Azərbaycan dilinin respublikada dövlət dili olması təsbit edildi.
Bildirilib ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə gələn, müxtəlif xarakterli hərc-mərcliklərin, iğtişaşların, dağıntıların qarşısını alaraq ölkəni müstəqil inkişaf yoluna çıxaran Ümummilli Liderin 1993-cü ildən 2003-cü ilədək milli dil quruculuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir.
N.Cəfərov ulu öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin inkişafı, tədrisi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edib. Alim diqqətə çatdırıb ki, Ulu Öndərin milli dil siyasətindən danışarkən çox mühüm bir məsələni də qürurla qeyd etmək lazımdır: Heydər Əliyev dünyanın o möhtəşəm dövlət adamlarındandır ki, güclü natiqlik istedadına malik idi və dahi şəxsiyyət Azərbaycan dilini yalnız ürəkdən sevməsi, onun dövlət dili hüquqlarını müdafiə edib milli və beynəlxalq nüfuzunu yüksəltməsi ilə deyil, həm də bu dildə gözəl danışması, hər kəsə nümunə göstərməsi ilə ona tarixi şöhrət qazandırdı, elə bir abidə ucaltdı ki, bundan sonrakı nəsillər ana dilini, dövlət dilini bir də ona görə sevəcəklər ki, bu dil Heydər Əliyevin dilidir.
Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB