İnşa müsabiqəsinin qalibləri bəlli olub YENİLƏNİB- FOTOLAR

İnşa müsabiqəsinin qalibləri bəlli olub YENİLƏNİB- FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" adlı yazı müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin konfrans zalında davam etdirilən tədbirdə Komitənin sədri Hicran Hüseynova, millət vəkilləri, qəzet baş redaktorları iştirak ediblər.

Giriş sözü ilə çıxış edən sədr Hicran Hüseynova bildirib ki, inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələrin işıqlandırılması olub: "Bu, həm də Azərbaycanda dövlət qadın siyasətinin inkişaf istiqamətini təşviq edən əhəmiyyətli yaradıcılıq imkanı idi".

Daha sonra çıxış edən Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov ölkəmizdə mövcud olan gender bərabərliyindən bəhs edərək vurğulayıb ki, Azərbaycan dövlətində qadın amilinin inkişaf və tərəqqisinə daim diqqət və qayğı ilə yanaşılıb: "Dahi Liderin əsasını qoyduğu mütərəqqi qadın siyasəti faktoru bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmaqdadır. Belə ki, Azərbaycan xanımı ölkənin inkişaf perspektivindəki bütün sahələrdə öz tövhəsini verir. İstər siyasi arenada, istərsə də ictimai işlərdə fəallıq göstərən qadınlarımız millət vəkilləri, bələdiyyə sədrləri kimi öz sözlərini deməkdədirlər".

Hikmət Babaoğlu isə çıxışında qeyd edib ki, qadınlarımız ölkə daxilində olmaqla yanaşı, beynəlxalq aləmdə də Azərbaycanın adını layiqincə, yüksək səviyyədə təmsil edirlər: "Bu, bizim hər birimiz üçün fəxr və qürurverici haldır".

Digər çıxış edənlər müsabiqə iştirakçılarına öz tövsiyə və məsləhətlərini verərək, qalibləri təbrik ediblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə