I Avropa Oyunlarının məşəli Şirvanda FOTOLAR

I Avropa Oyunlarının məşəli Şirvanda FOTOLAR

Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Neftçala rayonundan sonra Şirvan şəhərinə gətirilib. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün Şirvanda məşəl estafeti saat 14:40-da şəhərin giriş qapısından start götürüb. Yağmurlu hava şəraitinə baxmayaraq şəhər sakinləri küçələrə çıxaraq alqış sədaları altında məşəli qarşılayıblar.

Məşəli mədəniyyət işçisi Ziyadi Cavid qəbul edib. 3700 metr məsafədə olan yolu qət edən və növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev adına meydana çatdırıblar. Şirvan şəhər 12 saylı orta məktəbin direktor müavini Aydın Əliyev məşəli meydanda qurulan səhnəyə qaldıraraq alovlandırıb. Estafetdə iştirak edən 10 idmançı səhnəyə dəvət edilərək ictimaiyyətə təqdim olunub. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Sonda Şirvan şəhər sakini karate üzrə dünya çempionu Fərid Abbasov simvolik çırağı təhvil alaraq Heydər Əliyev muzeyinə təqdim edib.

1 Avropa Oyunlarının rəmzi məşəli Şirvan şəhərindən Hacıqabul rayonuna yola salınıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə