Ulu öndərin xatirəsi Gəncədə anıldı FOTO

Ulu öndərin xatirəsi Gəncədə anıldı FOTO

Gəncə şəhər səhiyyə idarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü münasibəti ilə konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "Heydər Əliyev Azərbaycanda və Gəncədə səhiyyənin inkişafı" mövzusunda keçirilən konfransda Ulu öndərin səhiyyə sahəsində həyata keçirdiyi islahatlardan danışılıb. Bildirilib ki, hələ 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə səhiyyə sahəsində ciddi inkişaf dövrü başlayıb. Ulu öndərin səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikintisi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə qeydiyyatdan keçirilməsi və həkimlərin fəaliyyətinin artırılmasından başlayıb. İkinci dəfə müstəqillik əldə edən ölkəmizə yenidən rəhbər seçilən Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində yeni qanunvericilik bazası hazırlandı. Nəticə etibarı ilə tək paytaxt Bakı şəhərində deyil, ölkənin regionlarında da bu istiqamətdə geniş tədbirlər həyata keçirildi. Bu gün Bakı ilə yanaşı Gəncə şəhərində də yeni və ən müasir standartlara cavab verən tibb ocaqları yaradılıb. Artıq daha ciddi xəstəliklərin müayinəsi və müalicəsi üçün vətəndaşların paytaxt Bakıya üz tutmalarına ehtiyac qalmayıb. Bundan əlavə bölgələrdə çalışan həkimlər üçün də öz biliklərini artırmaları üçün seminar və treninqlər təşkil olunur. Konfransın sonunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənətli filmin nümayişi olub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə