Ələşrəf Məhərrəmov: “Heydər Əliyevin diqqət və qayğısı bizə çox olub” AÇIQLAMA
"Mən müharibəyə gedəndə 18 yaşım var idi. Bizi kütləvi şəkildə Berlinə göndərdilər. Mənim hələ də yolboyu gələn yaralılar gözümün qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında Böyük Vətən müharibəsi veteranı Ələşrəf Məhərrəmov deyib.
Onun sözlərinə görə, Böyük Vətən müharibəsi illəri çox ağır keçib. Azərbaycanlı döyüşçülər bütün istiqamətlərdə şücaət göstəriblər: "Əsirlikdən qurtarılmış qadınlar, dağılmış şəhərlər, körpülər, yollar hələ də yadımdadır. 40-50 nəfəri maşına yığıb cəbhəyə göndərdilər. Dünya görüşümüz yox idi, hamı çətinlik çəkirdi, heç kimi tanımırdıq, qarışıqlıq idi. Yanmış insanlar, ölmüş atlar, ölmüş insanlar hamısı ortada qalırdı. Heç kim o qarışıqlıqdan yaralıları xilas edə bilmirdi. Orda azərbaycanlı əsgərlər də vardı, amma yaralanıb köməksiz vəziyyətdə qalanı yox idi. Biz axtarış üçün mərtəbələrə çıxırdıq, qadın, uşaq, kişi, hamısı binanın zirzəmilərində gizlənirdi, silah olanları, gizlənən əsgərləri tapıb təhfil verirdik. Biz Belarus cəbhəsində idik, Ukrayna cəbhəsində də olmuşam. Müharibədən sonra bizi Çexslovakiyaya (indiki Çexiya, Slovakiya, Sloveniya) göndərdilər, çünkü orda kapitalistlər baş qaldırmışdı. Böyük qardaşım Sevestopolda yaralandı, 11 nəfərdən yalnız o qaldı. O birilərinin isə hamısının "qara kağızı" gəlmişdi. Çox çətin dövr idi. Heç kimin üzü gülmürdü, hamı dərdli, yaralı idi".
Ələşrəf Məhərrəmov onu da vurğuladı ki, Berlin döyüşlərində mükafata layiq görülüb, medallar əldə edib. Ümumilli lider Heydər Əliyevin həmişə qayğısı qeyd edib, Prezident İlham Əliyevə minnətdarlığını vurğulayıb: "Mənim bu order və medallarım hamısı Berlin döyüşündə qalibiyyətimizin mükafatıdır. Hamısının da sənədləri var. Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ümummilli liderimiz Heydər Əliyevin də diqqət və qayğısı bizə çox olub. Mənə mükafat olaraq mənzil də verilib. Buna görə minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB