Ölkəyə 72 yeni yük vaqonu gətirilib

Ölkəyə 72 yeni yük vaqonu gətirilib

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

SİA-nın verdiyi məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib. Bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır.

Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.

Nəzərinizə çatdıraq ki, bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə "Uralvaqonzavod"dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl 25 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə