Səfir Heydər məscidində

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Bakının Binəqədi rayonundakı Heydər məscidi ilə tanış olub. Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Heydər məscid-kompleksinin sədri, QMİ-nin sədr müavini Sabir Həsənli Möhsün Pak Ayinə məscidlə bağlı ətraflı məlumat verib. S. Həsənli bildirib ki, milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan dövlət başçısının tövsiyəsi ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb: "Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub, məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir".

Səfir Möhsün Pak Ayin Heydər məscid-kompleksinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə