Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Konfransda ADİU-nun rektoru, professor Ədalət Muradov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə müsbət nəticəsini verib.
Rektor "Kənd təsərrüfatı ili" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun qida məhsulları texnologiyası və ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Ulu Öndərin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb. Bildirilib ki, hazırda ölkədə aparılan torpaq islahatları Ümummilli Liderin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsinə diqqət çəkən komitə sədri bildirib ki, ölkədə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində uğurla davam etdirilir. Gələcəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunaraq respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcəkdir.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə müasir aqrar siyasətin həyata keçirilməsindən, eyni zamanda, ərzaq təhlükəsizliyi, emal sənayesi və ümumilikdə, qeyri-neft sektorunun inkişafından söz açıb. Bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.
İqtisad elmləri doktoru Müslüm İbrahimov aparılan uğurlu islahatlar nəticəsində ölkədə müstəqil aqrar siyasətin formalaşdığını bildirib. Eyni zamanda, islahatların ikinci mərhələsində aqrar sənaye kompleksinin yaradılması və istehsalın təmərküzləşməsi barədə məlumat verib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB