Bakıda keçiriləcək I Avropa Oyunları yaxınlaşdıqca paytaxtın küçələrində xarici vətəndaşların hər keçən gün daha da artdığı müşahidə olunur. SəsTV-nin əməkdaşlarının Bakının mərkəzi küçələrində də apardığı sorğu zamanı ölkəmizə səfər edən xaricilərin I Avropa Oyunları haqqında məlumatlı olduğu məlum olub. Bəziləri Bakının gözəlliyindən, digərləri isə Azərbaycanın dünyada ərazisinə görə kiçik olmasına baxmayaraq belə böyük yarışı təşkil etməsindən danışıblar. Şəhərin küçələrində xaricilərlə aparılan sorğunu təqdim edirik:
.jpg)
Mari Selendiç (Almaniya):
- Mən Azərbaycana 5 günlük gəlmişəm, lakin bu gün Bakıda birinci günümü keçirirəm. Mən artıq Bakıda gəzintiyə çıxmışam və buranın qədimi yerlərində olmuşam, "İçəri Şəhər"i və Qız Qalasını ziyarət etdim, bütün bunlar çox xoşuma gəldi. Bundan başqa Azərbaycanın milli yeməklərini təqdim edən restoranda olduq, sizin mətbəxiniz həqiqətən çox gözəldir. Mən Azərbaycan haqqında məlumat əldə edərkən burada İyun ayında I Avropa Oyunlarının keçiriləcəyi xəbərini əldə etmişəm. Ola bilsin ki, həmin günlərdə yenidən Bakıya qayıtdım. I Avropa Oyunlarının sizin ölkənizdə keçirilməsi ilə bağlı onu deyə bilərəm ki, bu sizin üçün böyük idman hadisəsidir. Çünkü Bakıya dünyanın bir çox idmançısı yığışacaq. Almaniyadan neçə idmançının qatılacağı ilə bağlı dəqiq məlumatım yoxdur.

Stanislav Vasilyev (Rusiya):
- Azərbaycan bu gün qapısını investisiyalar üçün açıb. Məncə, bu fürsətdən xarici investorlar istifadə etməlidir. Çünkü Azərbaycan və onun paytaxtı Bakı günü-gündən inkişaf edir. Mən Rusiyada yaşayıram və Bakıda bir neçə dəfə olmuşam. Neft ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir vaxtda sizin ölkəniz I Avropa Oyunlarını keçirəcək. Bu təqdirəlayiq bir hadisədir. Mən özüm də idmançıyam, belə oyunları təşkil etmək asan məsələ deyil. Azərbaycan bu gün özünü mükəmməl tanıtmaqla gələcəyinə investisiya yatırır.

Cenet Hofmen (Almaniya):
- Mən Bakıya Almaniyadan gəlmişəm və ölkənizdə ilk dəfədir qonaq oluram. Çox yeri gəzə bilməmişəm. Şəhərin mərkəzi küçələrində oldum və gözəl şəhər olduğunu müşahidə etdim. I Avropa Oyunları sizin xalqın dünyaya bəxş etdiyi hədiyyədir, çox böyük məsuliyyət tələb edən bir layihədir.

Hasan Çetinkaya (Türkiyə):
- Türkiyədən Bakıya ilk səfərimdir. Dünən axşam gəldik və ilk dəfədir ki, ətrafı gəzirəm. Azərbaycan da bir Türk respublikasıdır, özümüzə yaxın bilirik, ölkənin inkişafını yaxından təqib edirik. Bakıda keçiriləcək I Avropa Oyunlarında dünyadan idmançılar iştirak edəcək. Ölkənin tanıdılması üçün bu böyük əhəmiyyət kəsb edir. Azərbaycan neft və qazı ilə dünyada məşhur olması ilə tanınıb. Lakin Avropa Oyunlarında sonra turizm baxımından da ölkə tanına bilər. Bu gün dünyada insanlar səyahət üçün fərqli məkanlar axtarır. Azərbaycanda isə bu şəraitin hamısı mövcuddur. İlk dəfə Bakıya gəlməyimə baxmayaraq çox xoşuma gəldi, bundan sonra da səfər edəcəyimi düşünürəm. Avropa Oyunları Azərbaycanın iqtisadi inkişafına böyük təsir edəcək.

Yelena Sabirovna (Rusiya):
- Rusiyadan Bakıya tez-tez səfər edirəm. Burada mənim qohumlarım yaşayır. Hər səfərimdə şəhərin daha da gözəlləşdiyini müşahidə edirəm. 1 ay sonra ölkənizdə I Avropa Oyunlarının keçiriləcəyi haqqında eşitmişəm. Bu onsuz da inkişaf edən Azərbaycanı bir az daha yuxarıya doğru aparacaq. Mənim qohumlarım Bakıda yaşayır. Azərbaycanın inkişafına sevinirik.

Daniel Mariuç (Almaniya):
- 3 gündür ki, Almaniyadan gəlmişəm. Səyahət üçün Bakını seçdiyim üçün məmnunam. Şəhərin qədim yerlərində oldum, lakin şəhərin müasir dizaynda yenidən qurulduğunu da müşahidə etdim. İlk dəfədir Bakıdayam və I Avropa Oyunlarının ərəfəsində çox gözəl hazırlıqların olduğunu gördüm, bu insanların üzündə də hiss olunur.

Tatyana İvanovna (Rusiya):
- 40 il əvvəl Bakıya səfər etmişəm. Həmin illərlə bu günü müqayisə etmək əlbəttə ki, absurd görünər. Çünkü o vaxt Azərbaycan müstəqil deyildi. Bu gün isə müstəqil olaraq Azərbaycan özünü daha da inkişaf etdirir. Mən bunu başqaları kimi çox gözəl müşahidə edirəm.

Saymon Qrovleyn (İngiltərə):
- Mən Bakıya I Avropa Oyunları üçün İngiltərədən gəlmişəm. Burada Avropa Oyunlarının keçirilməsi üçün lazım olan layihələrin gerçəkləşdirilməsində yaxından iştirak edirəm. Bakıya səfər etməmişdən öncə bura haqqında heç bir məlumatım yox idi. Lakin Bakıya ilk gəldiyimdə surpriz hadisə ilə qarşılaşmışdım. Qafqazda belə bir şəhərin olduğunu düşünmürdüm. Bakının dizaynı sistemli şəkildə qurulub, küçələri isə gözəlləşdirilib. İnsanları da çox mehribandır. Bakıya gəlişim mənim üçün çox gözəl bir təcrübə oldu. Azərbaycanla bağlı təkcə onu deyə bilərəm ki, sizi gözəl bir gələcək gözləyir.

Anastasiya Sabirovna (Rusiya):
- Rusiyanın Arxangelsk şəhərindən Bakıya ilk dəfədir ki, səfər edirəm. Şəhərlə ilk tanışlığımda dəniz kənarında yaşıllıq içərisində gözəl bir şəhər təəssüratı yarandı. Bakıya səfər etdiyim üçün məmnunam. Azərbaycanın idman sahəsində böyük gələcəyinin olduğunu düşünürəm. Kiçik ölkə olmağınıza baxmayaraq Avropa idmanını Bakıya daşıyırsınız. Bu həqiqətən də böyük bir hadisədir.

Behzad Cəfərzadə (İran):
- Ərdəbildən Bakıya böyüklərimizi ziyarət üçün gəlmişəm. Həmçinin İrandan bura öz qohumlarımızı gətirmişəm. Bakı ilk baxışda bizi valeh edib. Fəvvarələr meydanı və İçəri Şəhərdə olduq. İnternet vasitəsilə Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ilə bağlı məlumat almışam. Hesab edirəm ki, bu oyunlar Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən müsbət təsir edəcək. Ölkənizin inkişafına təkan verəcək. Biz də istəyirik ki, bizə doğma olan Azərbaycan inkişaf etsin, gələcəyi yaxşı olsun. Bakıda keçiriləcək Avropa Oyunlarına İrandan idmançıların qatılıb qatılmaması ilə bağlı məlumata sahib deyiləm. Lakin burda keçiriləcək yarışları izləmək istəyərdim. Hər il Bakıya gəlməyimə baxmayaraq, paytaxtınız hər dəfəsində bizi heyrətləndirməkdə davam edir. Azərbaycana uğurlar arzu edirəm.

Svetlana Kuznetsova (Ukrayna):
- Mən Kırımda yaşayıram. Bakıda tez-tez oluram. Şəhər həqiqətən çox gözəldir. Bura mənim ikinci evimdir. Bu dəfə Bakıda 3 aydan artıq qalmağı planlaşdırıram. Avropa Oyunlarına artıq bilet əldə etmişəm. Ölkəmə qayıdana qədər burdakı yarışlara qatılmağı planlaşdırıram. Televiziya və internetdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı videorolikləri izləyirəm. Azərbaycan komandalarına qızıl medallar arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB