Məktəblər kompyuterləşdirilir

Göygöl rayonunun bütün orta ümümtəhsil məktəbləri informatika dərsinin əyani şəkildə tədrisi üçün kompüter dəstləri ilə təmin olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bundan başqa məktəblərin əksəriyyətində internetə çıxış da mümkündür ki, bu da dərslərin keyfiyyətinə müsbət təsir göstərir. Rayonda ayrıca 11 tam orta məktəbdə 15 kompüter sinfi fəaliyyət göstərir. Göygöldə 8912 şagirdin təhsil aldığı 50 məktəb 460 ədəd kompüter avadanlıqları ilə təmin olunub ki, bu da 20 şagirdə 1 kompüter deməkdir.

"Dövlət proqramı çərçivəsində bu layihə həyata keçirilir. Bütün məktəblərin gələcəkdə informasiya kommunikasiya texnologiyaları avadanlıqları ilə təmin olunması ən başlıca vəzifələrdən biri kimi qarşımızda durur. Hazırda dərslərin tədrisi müasir tədris proqramları ilə həyata keçirilir. Müasir tədrisin də əsas məqsədi həmin informasiya kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə etməkdir" – deyə, Göygöl rayon Təhsil şöbəsinin müdiri Elburus Atayev bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə