82 nəfər bir dələduzun qurbanına çevrilib

82 nəfər bir dələduzun qurbanına çevrilib

Ağstafa rayonunun Həsənsu kəndində 82 nəfər sakin bir ailə üzvündən olan dələduzların oyununun qurbanı olub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ər və arvad 82 nəfəri aldadıb. Ağstafa rayonunun Həsənsu kəndində ər-arvad olan Solmaz Bayramova və onun həyat yoldaşı Səxavət Bayramov müxtəlif adlar ilə sakinləri aldadaraq, kənddəki evlərini sataraq Bakı şəhərinə köçüblər. Sakinlərin bəzilərindən toya getmək adı ilə müvəqqəti istifadə üçün qızıl-zinət əşyaları alıb, bəzilərindən onlara Almaniyadan avtomobil gətirmək üçün nəğd pul, bəzilərinin isə adlarına müxtəlif banklardan kreditlər götürüb. Aldadılmış sakinlər çətin vəziyyətdə qalaraq bütün aidiyyatı qurumlara müraciət etdiklərini, lakin bu günədək heç bir nəticənin olmadığını deyiblər.

Ağstafa rayon Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəkil Vəliyev artıq məsələ ilə bağlı rayonun inzibati orqanlarının məlumatının olduğunu bildirib. Ağstafa rayon Polis Şöbəsindən isə əməkdaşlarımıza məsələ ilə bağlı rayon məhkəməsində baxıldığı deyilib. Bir neçə sakin isə artıq Ağstafa rayon məhkəməsi tərəfindən onların işinə baxıldığını və onların ziyanlığını ödənilməsi ilə bağlı Ağstafa rayon icra qrupuna göndərildiyini və icra qrupu tərəfindən qərara baxılmadığını deyiblər.

Qeyd edək ki, icra sənədlərinin icrası istiqamətində qanuna müvafiq qaydada zəruri icra tədbirləri davam etdirilir.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə