Xarici qonaqlar Forum haqqında

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumuna yekun vurulub. Tədbirə 62 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak edib.

SƏS TV olaraq Forum iştirakçılarının təəssüratlarını öyrənməyə çalışdıq:

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin: "Azərbaycan 20 illik müstəqillikdən sonra dünyaya nümunə olacaq ölkə halına gəldi və dünyada söz sahibinə çevrildi. Forumda 62 ölkənin dövlət, hökumət, prezident və nazirlərin iştirakı göstərdi ki, tədbir vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının və buna bənzər qurumların uğursuz işlərinin örnəyi Qarabağdır. Mən Azərbaycanın səlahiyyətli şəxslərini təbrik edirəm. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qazandığı yeri bütün dünya görür. İkinci vətənim kimi mən Azərbaycanda olmaqdan böyük qürur duyuram".

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye: "Fikirləşirəm ki, bu çox maraqlı bir Forumdur. Ötən gün Prezident İlham Əliyev bizlərə ziyafət verdi. Sonra o çıxışında dedi ki, Azərbaycan Şərqlə Qərb, eləcə də müsəlman ölkələri arasında körpü rolunu oynayır. Bu Forum Bakının mövqeyinin göstəricidir. İnsanları burada bir yerə toplamağın əsas məqsədi qarşılıqlı inam yaratmaqdır. Çünki hal-hazırda dünyada qarışıqlıq hökm sürür. Qarşılıqlı inam olmadığı təqdirdə heç bir sülh və razılıq əldə oluna bilməz. Bütün iştirakçılar, burada təşkil olunan olan debatlar, danışıqlar çox maraqlıdır. Bu çox təqdirəlayqi bir haldır".

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi: "Mən bir nümayəndə kimi Azərbaycana bir neçə dəfə səfər etmişəm. Bu çox yüksək səviyyəli təşkil olunan tədbirdir. Forum insanlara böyük təcrübə əldə etməyə imkan yaradır. Tədbir Avropanın, dünyanın və regionın qarşısında duran qarışıq və mürəkkəb vəziyyəti araşdırır. Mən bu tip başqa konfranslarda da olmuşam amma Bakıda keçirilən konfrans tamam fərqlidir. Bizim üçün burada olan müzkairələr çox maraqlıdır. Xüsusilə Ukraynada olan vəziyyət daha önəm kəsb edir. Müzakirələr nəticəsində orada olan məsələlər daha aydın göründü".

Madrid Klubunun prezidenti Vaira Vike-Freiberga: "Bu artıq Nizami Gəncəvi Mədəniyyət Mərkəzinin təşkil etdiyi 3-cü Forumdur. Forum kifayət qədər tanınan bir mərkəzə çevrilib. Burada iştirak edənlər yetərincə tanınmış insanlardır. Burada 60-dan çox ölkənin liderləri iştirak edir. Mən bu Forumdan çox məmnun qaldım. Səbirsizliklə gözləyirəm ki, Forum gələcəkdə də davam etsin. Çox yaxşı olardı ki, gələcəkdə Forum daha da geniş istiqamətləri əhatə etsin".

Latviyanın sabiq prezidenti Valdis Zatlers: "Mən həmişə arzulayırdım ki, Bakı beynəlxalq Forumların keçirildiyi bir şəhərə çevrilsin. Sevindirici haldır ki, mənim bu arzum artıq reallaşıb. Burada regional məsələlər müzakirə olundu. Əgər bu Forum bu qədər tanınıbsa, hesab edirəm ki, gələcəkdə daha da uğurlu olacaq. Azərbaycan xalqını bu liderliyinə, idarəçiliyinə görə təbrik edirəm. Çünki beynəlxalq cəmiyyətin diqqətini Foruma cəlb etmək elə də asan məsələ deyil. Artıq bu gün Bakı beynəlxalq məsələlərin müzakirə olunduğu bir mərkəzə çevrilib. Arzulayıram ki, Bakıda gələcəkdə daha da inkişaf etsin".

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili: "Avropa Azərbaycanla tərəfdaşlığın inkişafına diqqət yetirməlidir. Avropa üçün real alternativ enerji mənbəyi hələ ki, Azərbaycan və bu ölkə vasitəsilə Türkmənistan qazı olacaq. Ona görə də, Avropa Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir. Ümid edirəm ki, bu, nəhayət avropalıların beyinlərinə girəcək. Avropa Azərbaycana rəğbət bəsləməlidir. Azərbaycan bu illər ərzində dəqiq yolunu seçib. Dünyada hamı islam adı ilə təhdid çağırışlarını başa düşür. Azərbaycan Avropaya qarşı islamist, ekspetrmist təhdidlərin qarşısını alan ölkədir. O, bir çox ölkələrlə müqayisədə daha liberal və müasirləşdirmə yolunu seçib. Ona görə də Azərbaycana rəğbət qazandırmalıyıq. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır".

Qeyd edək ki, Forum iki gün davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə