Nazir: “Elm və təhsil arasında olan əlaqələr qurulması ümumi inkişaf üçün vacibdir” RƏY
"Bu gün Azərbaycanda kosmik texnologiyalar, kosmik texniki baza, infrastruktur yüksək səviyyədədir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri" mövzusunda elmi məruzə edərkən deyib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib: "BMT-nin 12 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianspace şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb. Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur. Bu günə kimi Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarılıb. İlk telekommunikasiya peykinin 20%-i Azərbaycanın ehtiyaclarının ödənməsinə, 80% isə ixrac potensialının güclənməsinə yönəlib. İkinci peyk də Azərbaycanın ixrac potensialı üçün yeni imkanlar yaradır".
Akademik eyni zamanda bildirib ki, bu gün üçün ən vacib məsələ böyük həcmli informasiyaların intellektual analizidir: "Bu gün olduqca böyük həcmdə informasiya daxil olur. Bunun üçün ölkədə ilk dəfə qurulan böyük DATA mərkəzi böyük gücə malikdir. Digər peyklərdən də informasiyalar qəbul edilir. Bu istiqamətdə AMEA-da əldə edilən nəticələri qəbul etməyə hazırıq. Bundan əlavə, elmin bütün sahələrdə əldə olunan işlərin koordinasiyasını həyata keçirilməsi istiqamətində bu işlər güclənməlidir".
Əli Abbasov innovativ inkişafımız üçün uyğun şəraitin yaradılması vacibliyini də çıxışında vurğulayıb. Belə ki, tətbiqə yönələn işlərin həyata keçirilməsi təklif olunur: "İnnovativ sahibkarlığın yaranması üçün işlər həyata keçirilməlidir. Alimlərin əldə etdikləri tədqiqatlarla bağlı birgə müzakirələr aparılmalıdır. Elm və təhsil arasında olan əlaqələr qurulması ümumi inkişaf üçün vacibdir".
O, eyni zamanda bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: "Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkəmizdə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır".
Xatırladaq ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB