AMEA-nın ümumi yığıncağı keçirilir YENİLƏNİR

AMEA-nın ümumi yığıncağı keçirilir YENİLƏNİR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib. İlk olaraq qonaqlar AMEA-nın elmi müəssisə və təşkilatlarının 2014-cü ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olub. Elmi nailiyyətlərin sərgisində təqdim edilmiş materiallar maraqla qarşılanıb. SİA-nın məlumatına görə, ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqi ilə başlayıb.

AMEA rəhbəri Akademiyanın 2014-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib.

Ötən il qarşıya qoyulan məqsədlər istiqamətində görülən işlərdən danışan akademik A.Əlizadə bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə nail olunub və uğurlu nəticələr əldə edilib.

AMEA-nın rəhbəri Akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun yenidən qurulmasının hesabat ilində həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə AMEA-nın strukturunda Biofizika və Smart materialları Mərkəzi, Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti, Qafqazşünaslıq institutlarının yaradıldığını qeyd edib.

Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən akademik A.Əlizadə bu seçkiləri yalnız Akademiyanın deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib. Akademik 2014-cü ilin ölkəmizin elm həyatı üçün bir sıra "ilk"lərlə də yadda qaldığını qeyd edib. Bildirib ki, AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq "Bakı Elm Festivalı-2014" və Azərbaycan alimlərinin I Qurultayı keçirilib. A.Əlizadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə AMEA-nın 70 illik yubileyi və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlərin görüldüyünü deyib.

Natiq AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də bəhs edib, vurğulayıb ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb olunmasına şərait yaradır. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması Akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.

AMEA-da magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biri olduğunu deyən akademik bu işin məhz 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, artıq bu il 7 ixtisas üzrə AMEA-da magistratura təhsilinə start veriləcək.

Akademik hesabat ilində AMEA müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də həyata keçirilən tədbirlərdən danışıb. Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediyanın müasir dünya standartları səviyyəsində olan yeni binalarının istifadəyə verildiyini bildirib. Məlumat verib ki, bir sıra elmi müəssisələrin inzibati binaları rekonstruksiya olunub, ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Bundan başqa AMEA-nın Təcrübə-Sənaye Zavodunun bütün fəaliyyət istiqamətlərində əsaslı dönüş yaranıb, zavodda illərlə həllini tapmayan həm elmi-təcrübi, həm də istehsal xarakterli proseslər geniş vüsət alıb, zavod yeni inkişaf yoluna qədəm qoyub.

Akademik nitqinin sonunda qeyd edib ki, Azərbaycan elminin inkişafı istiqamətində qarşıda bir sıra vəzifələr durur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olmalıdır.

Sonra Ümumi yığıncaqda Akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı ətarfında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə ilk dəfə olaraq "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" öz sahiblərinə təqdim olunub.

Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorov AMEA-nın ən yüksək mükafatına layiq görülüb. Bundan başqa AMEA prezidenti tərəfindən elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim edilib. Belə ki, akademik Cəmil Əziz oğlu Əliyev AMEA-nın Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Abbas oğlu Əliyev AMEA-nın Nəsirəddin Tusi, akademik Musa İsmayıl oğlu Rüstəmov AMEA-nın Akademik Yusif Məmmədəliyev, akademik Teymur Əmiraslan oğlu Bünyadov AMEA-nın Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova AMEA-nın Akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Hüseynəli oğlu Talıbov AMEA-nın Həsən bəy Zərdabi və geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqov AMEA-nın Akademik Musa Əliyev adına mükafatı ilə təltif olunub.

Sonra Ümumi yığıncaqda elmi məruzələr dinlənilib. Fizika İnstitutunun Biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov "Fiziki metodlara və prinsiplərə əsaslanan biofiziki tədqiqatlar", rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri" və Dövlət Neft Şirkətinin I vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə "Azərbaycanın neft strategiyası və elm" mövzusunda məruzələrlə çıxış edib.

Ümumi yığıncaqda AMEA-nın strukturunda qismən dəyişiklik edilməsi məsələsi müzkirə edilib. AMEA-nın nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edilib. Adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib.

Tədbirdə AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə baxılıb. Rəyasət Heyətinin bu barədə vəsatətini nəzərə alaraq mərkəzin yaradılması haqqında qərar qəbul edilib. Qeyd olunub ki, AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.

Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər çıxış edib, mövcud problemlərdən söz açıb və təkliflər səsləndirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə