"Nəqliyyat Nazirliyinin tədbirlər planı başa çatmaq üzrədir". Bu sözləri SİA-ya açıqlamasında "Azeryolservis" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə Bakı dairəvi yolunun şəhərdən çıxan hissəsində təmir işləri başa çatdırılıb, lakin əks istiqamətdə isə may ayının əvvəllərində başa çatdırılacaq: "Qeyd edim ki, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Nəqliyyat yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin 8 iyul 2013-cü il tarixli əmri ilə tədbirlər planı təsdiq edilib. Ümumiyyətlə tədbirlər planının avtomobil yolları ilə əlaqədar hissəsindəki işlərin icrası artıq demək olar ki, başa çatmaq üzrədir. Uzunluğu 10 km olan Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşağı tikintisi işləri başa çatdırılıb. 2014-cü ilin dekabrın 23-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Bundan başqa Bakı Olimpiya Stadionuna gedən yolun və yol qovşağının tikintisi və Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olaraq Koroğlu metrostansiyasına qədər olan yolun tikintisi, Su İdmanı Sarayı ərazisində olan tikinti, Respublika Stend Atıcılığı İdman Kompleksi və dağ məkanı üçün "Luna Park"a gedən yolların tikintisi işləri artıq başa çatmaq üzrədir. Bundan əlavə Stend Atıcılıq İdman Kompleksinə və eləcə də Beynəlxalq Avtovağzal ərazisinə dair yolların çıxışı üçün uzunluğu 1 km olan estekada və yolun tikinti işlərinin may ayının 10-na kimi başa çatdırılması planlaşdırılır. Bakı dairəvi yolun 14 km şəhərdən çıxan hissəsinin təmiri də başa çatdırılıb, əks istiqamətdə isə işlər may ayının 4-dək başa çatdırılacaq. Biləcəri enişinə Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də may ayının əvvəllərində başa çatdırılacaq".
Qurum rəsmisi onu da qeyd etdi ki, əsas yol şəbəkəsində oyunlar zolağı ayrıca işlənir, hərəkət zolağının kənarlarında sarı xətt çəkilir, asfalt üzərində isə təyin olunan yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir: "Fəxri qonaqlar, idmançılar, tamaşaçıların qarşılanması üçün çox istifadə ediləcək Heydər Əliyev prospektinin əsas yol hissəsinin təmiri başa çatdırılıb, yan yolların təmiri işləri də demək olar ki, başa çatmaq üzrədir. Avropa Oyunlarının Məşəl proqramına uyğun olaraq, Suraxanı rayonundakı Atəşgah məbədinə gedən Səttar Bəhlulzadə küçəsinin 9 km-lik hissəsinin təmiri başa çatdırılıb. I Avropa Oyunlarının Təşkilat Komitəsinin yüklərinin saxlanacağı Suraxanı rayonundakı ambara gedən uzunluğu 4,1 km olan çərikə zolaqlı yolun tikintisi də başa çatmaq üzrədir. Məşəl Proqramı çərçivəsində ümumiyyətlə bütün Azərbaycanı gəzdiriləcək Atəşgah Məbədindən götürülərək aparılan Azərbaycan odunun hərəkət marşurutu üzrə də təmir işləri davam etdirilir. Ümumiyyətlə idmançıların, yüksək səviyyəli qonaqların texniki heyəti media nümayəndələrinin hərəkət edəcəyi yol şəbəkəsində Nəqliyyat Nazirliyi Azəryol Servis Bakı Səhmdar Cəmiyyətinin gücü ilə bütün növ çatışmayan yol nişanları, göstərici lövhələri quraşdırılır və nişanlama xətlərinin çəkilməsi işi aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, əsas yol şəbəkəsində eni 3,75 m olan oyunlar zolağı ayrıca işarələnir və hərəkət zolağının kənarlarında 15 sm enində sarı xətt çəkilir, asfalt üzərində isə təyin olunan yerlərində Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Artıq dünəndən etibarən bu işlərə başlanılıb və ilk olaraq Ziya Bünyadov prospektində bu işlərə start verilərək səhərə qədər bu işlər davam etdirilib və ardıcıl olaraq I Avropa Oyunlarında müəyyən marşrut üzrə əsas yol şəbəkəsində oyunlar zolağının işarələrinin işlənilməsi aparılacaq. 20 gün ərzində də işlərin yekunlaşması nəzərdə tutulur".
Səbiyyə Əliyeva




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB