Koreya Respublikasında Dünya Jurnalistləri Konfransı keçirilib. "Milli Dirçəlişin 70-ci ildönümü: Koreya yarımadasının birləşməsi barədə düşüncə" mövzusuna həsr olunmuş konfransa 60 ölkədən 100-ə yaxın jurnalist qatılıb.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov təmsil edib.
Konfransın rəsmi açılış mərasimində Koreya Jurnalistləri Assosiasiyasının (KJA) prezidenti Park Çonq-Ryal iştirakçılara Assosiasiya barədə məlumat verib. O bildirib ki, bu təşkilat 200-ə yaxın media qurumunu təmsil edən peşəkar jurnalistləri ətrafında birləşdirir.
Park Çonq-Ryal deyib: "Milliyyət, cins, irq, din və ideologiya fərqlərimizin olmasına baxmayaraq, bizim ortaq bir cəhətimiz var - biz hər birimiz jurnalistik. Ümidvaram ki, Dünya Jurnalistləri Konfransı dostluq əlaqələrinin qurulması üçün bir fürsət olacaq və sizə jurnalist peşəsinin əsl mahiyyətini bir daha xatırladacaq".
Koreya Respublikasının mədəniyyət, idman və turizm naziri Kim Yonqdeok konfransın Koreya yarımadasının sülh yolu ilə birləşməsinə dair danışıqlar məkanına çevriləcəyinə ümidvar olduğunu bildirib.
Beynəlxalq Jurnalistlər Federasiyasının prezidenti Cim Bumelya isə jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin və onların qərəzsiz, düzgün xəbərlər yaymalarının vacibliyini vurğulayıb.
Sonra Koreya Respublikası ilə bağlı videoçarx göstərilib, milli rəqslər ifa olunub.
Tədbir "Şimali Asiyada regional nizamın dəyişilməsi və Koreya yarımadasının gələcəyi" mövzusunda sessiya ilə davam etdirilib.
Sessiyada çıxış edən Koreya Respublikası xarici işlər nazirinin müavini Ço Tae-yul deyib: "Koreyanın birləşməsi sadəcə bir arzu deyil. Bu, Koreya xalqının yerinə yetirmək üçün qərarlı olduğu bir gələcəkdir. II İohann Pavelin dediyi kimi, gələcək bu gün başlayır, sabah deyil. Gələcək ona bu andan etibarən hazırlaşan insanlara məxsusdur. Əgər biz bu gün gələcəyə lazımi səviyyədə hazırlaşa bilməsək, o zaman Koreyanın birləşməsi üçün fürsəti əldən verdiyimizə görə peşman olacağıq. Ümid edirəm ki, bugünkü tədbir bu cür peşmançılığa yol verməmək üçün bir fürsət olacaq."
Açılış mərasimində Dünya Jurnalistləri Konfransının Koreyanın sülh yolu ilə birləşməsinə və söz azadlığına dair bəyannaməsi qəbul edilib. Bəyannamədə bildirilir ki, konfransda iştirak edən 60 ölkədən gəlmiş 100 jurnalist qarşılıqlı anlaşmadan çıxış edərək, Koreyanın müstəqilliyinin və eyni zamanda, bölünməsinin 70-ci ildönümünü qeyd edərkən yarımadaya birlik və sülh arzulayır. Bəyannamədə, həmçinin jurnalistlərə qarşı terror hücumları pislənilir. Fransanın "Charlie Hebdo" satirik jurnalının redaksiyasına edilən silahlı hücum nümunə kimi göstərilir və bildirilir ki, jurnalistlərə qarşı terror hücumları yolverilməzdir. Çünki söz və ifadə azadlığı insanlığın tər və qanla nail olduğu əvəzolunmaz dəyərlərdir.
Konfrans çərçivəsində moderatorluğunu "U-Peace" departamentinin baş professoru, parlamentin xarici işlər, ticarət və birləşmə komitəsinin sabiq başçısı Cin Parkın etdiyi "Milli Dirçəlişin 70-ci ildönümü: Koreya yarımadasının birləşməsi barədə düşüncə" adlı sessiya təşkil olunub.
Koreya Respublikasının "Donq-A Ilbo" qəzetinin siyasi məsələlər üzrə şöbə redaktorunun köməkçisi Taevun Ha, Yeni Zelandiyanın "NZ INC" qəzetinin ticarət məsələləri üzrə müxbiri Timoti Kit Makredi, Böyük Britaniyadan sərbəst müxbir Endryu Salmon, Rusiyadan "Moskovskiy Komsomolets"in xarici əlaqələr şöbəsinin redaktoru Andrey Yashlavskiy, Çindən "People`s Daily"nin xarici işlər üzrə baş direktoru Yonq Zanq konfransın məruzəçiləri qismində çıxış ediblər.
İkinci xüsusi sessiya isə "Etimad üzərində qurulan diplomatiya Koreya yarımadası daxilindəki danışıqları inkişaf etdirəcək" mövzusuna həsr olunub.
Çıxış edən Koreya Respublikası parlamentinin xarici işlər və birləşdirmə komitəsinin sədri Na Kyunq-von cənub ilə şimalın arasındakı dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.
Dünya Jurnalistlər Konfransı çərçivəsində "Mətbuat azadlığı və jurnalistikada təhlükəsizlik" adlı tədbir də keçirilib.
"Korea Times" qəzetinin baş redaktorunun müavini Şim Cey-yun moderatorluğu ilə reallaşan tədbirdə Fransanın "BFMTV" televiziyasının geosiyasət üzrə şərhçisi Herold Haymen, Koreyanın "Le Monde Diplomatique" qəzetinin əməkdaşı Kim Hong-kuk, Meksikanın "Grupo Reforma" media şirkətinin beynəlxalq xəbərlər üzrə redaktoru Karla Lorena Lopez Ferro, Argentinadan "La Nacion" qəzetinin icmalçısı İnde Pomeraniyek və Efiopiyadan xarici əlaqələr üzrə dövlət idarəsinin daxili media monitorinq və analiz üzrə baş eksperti Fikrte Gebreamlak Sisay tədbirdə çıxış ediblər.
Konfransdan sonra Busan şəhərinin meri Sah Byonq-suu tədbir iştirakçılarını nahara dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB