AMİ-də seminar keçirilib

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Aprel – Dünya Autizm Maarifləndirmə ayına həsr olunmuş "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi" adlı layihəsi çərçivəsində "Nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi, professor-müəllim və tələbə heyəti, "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin sədri Ramilə Mahmudova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, AMİ-nin İnklüziv Təhsil Mərkəzinin əməkdaşı Aynur Vəliyeva, Dövlət qurumlarının nümayəndələri, Qeyri-hökumət təşkilatları nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov giriş sözü ilə iştirakçıları salamlayaraq bildirib ki, bu gün keçirilən seminar "Nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması"mövzusundadır.

Cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahının yüksəldilməsi məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycan müstəqillik illərində insan hüquqları, xüsusilə uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara qoşulmuşdur və bu yolda dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Əsas məqsədlərdən biri də ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu təmin etmək üçün bütün səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir. Bu sənədlərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə ölkəmizdə müvafiq qərarlar qəbul edilib.

Məlum olduğu kimi, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel – Dünya Autizm Maarifləndirmə Günü kimi təsis olunmuş və aprel bütünlüklə Dünya Autizm Maarifləndirmə ayı elan edilmişdir. Bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, aprel ayının əvvəlindən etibarən ayın sonuna kimi ölkəmizdə də bu münasibətlə müxtəif maarifləndirmə tədbirləri təşkil olunur.

Azərbaycan Müəllimlər İnstitutu bu sahəyə heç vaxt biganə qalmamış, sağlamlıq imkanları məhdud olan uşaların təhsili, onların cəmiyyətə adaptasiytası üçün bir sıra işlərə imza atmışıdr. Bunlardan biri də 2011-ci ilin 14-15 oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəılimlər İnstitutu, Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şura ICEVI-Europe Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Müəllimlər İnstitutunda keçirilib.

AMİ-nin ixtisasartırma fakültəsində İnklüziv Təhsil Mərkəzinin əməkdaşı tərəfindən məktəb direktorlarına, təşkilatçılara, məktəbəqədər və s. ixtisas sahiblərinə inklüziv dərslər keçirilir.

Seminarda iştirakçılar "Aprel Autizm Maarifləndirmə Ayı" ilə bağlı müxtəlif mövzularda çıxışlar ediblər. Çıxışlarda qeyd olunub ki, 2 Aprel tarixi BMT tərəfindən Beynəlxalq Autizm Günü kimi qəbul edildikdən sonra, dünyaca məşhur "Autism speaks" cəmiyyəti həmin günlə əlaqədar "Light it up Blue" (Mavi İşıqlandır) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar mavi rəngdə - yəni autizmi simvolizə edən rəngdə işıqlanaraq 2 Aprel tarixinin "Autizm günü" olduğunu insanlara çatdırır. "Birgə və Sağlam" İB rəhbərliyi ilə bu il sizlər də "Mavi işıqlandır" layihəsi ölkəmizdə həyata keçirilib. Belə ki, Qız qalası, Hilton otel, Flame Towers (Alov qüllələri) 2 Aprel tarixində mavi rəngdə işıqlanaraq Autizmi simvolizə edib.

Hazırda ölkəmizdə 62 mindən çox əlilliyi olan uşaq vardır. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən 2005- 2009-cu illərdə "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı" həyata keçirilmişdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəyi ilə bağlı bir çox mühüm məsələlər sənəddə öz əksini tapmışdır.

Çıxışlarda mövzuyla bağlı hazırlanmış video çarx nümayiş olunub.

Seminarda Türkiyə respublikasının "Umuda doğru" özəl eğitim və reabilitasiya mərkəzi və "Kozaköy" özəl eğitim və reabilitasiya mərkəzinin nümayəndələri ilə onlayn bağlantı təşkil olunub.

Tədbirin sonunda "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor, Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlı "Yüksək ixtisaslı pedaqoji kadr hazırlığı işinin təşkili sahəsindəki xidmətlərinə, əlliliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası naminə inklüziv təhsilin inkişafına göstərdiyi fəal dəstəyə və həmin qəbilədən olan insanları təmsil edən qeyri-hökümət təşkilatları ilə səmərəli əməkdaşlığına görə" fəxri diplomla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə