Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində təşkilatın üzvü olan gənclər təşkilatllarının rəhbər və fəalları Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində olublar. SİA-nın məlumatına görə, dünya xəzinəsindəki nadir xalçaların dəyərinə, əhəmiyyətinə görə ən böyük xalça kolleksiyasına sahib olan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə baş tutmuş məlumat turunun məqsədi iştirakçıları Azərbaycan incəsənəti, xüsusilə də xalça və xalq tətbiqi sənətinin tarixi, bədii əhəmiyyəti, texnoloji çeşidliliyi ilə yaxından tanış etmək olub.
Məlumat turu zamanı iştirakçılara incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən və məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapan Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan zəngin mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib. Bundan başqa, gənclər muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənəti nümunələri ilə tanış olublar.
Məlumat üçün qeyd edək ki, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 1967-ci ildə yaradılmışdır. İlk ekspozisiyası 1972- ci ildə açılmışdır. Yarandığı gündən bu günədək Azərbaycan xalqının maddi və mənəvi irsinin mühafizəsini təşkil edən muzey Respublikamızda eləcə də dünyada xəzinəsindəki eksponatların tərkibinə və əhəmiyyətinə görə ilk ixtisaslaşmış muzeydir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB