Seminar öz işinə başlayıb

Bu gün Avropa İttifaqı (Aİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə "Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminar işə başlayıb. SİA-nın verdiyi məlumata görə, seminarda Milli Məclisin deputatları, beynəlxalq ekspertlər, eləcə də ali məktəblərin, nazirlik və komitələrin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Seminarın məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.

Tədbiri giriş sözü ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva açaraq, Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi məsələlərinə toxunub. Eyni zamanda bu məsələ ilə bağlı son dövrlərdə Milli Məclisdə Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni maddələrin əlavə olunmasının ciddi müzakirəsi aparıldığını bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bu məsələnin Azərbaycan ictimaiyyəti, eləcə də dövlət idarəçiliyi üçün aktual problem olduğunu qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz çıxışında Azərbaycanda GMO məhsullarının idxal və istehsalı haqqında məlumat verib.

Müzakirələr zamanı Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq tədbirdə Azərbaycanda GMO məhsullarının bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə