“Olaylar” hər bir azərbaycanlının tribunasıdır” Münasibət

“Olaylar” hər bir azərbaycanlının tribunasıdır” Münasibət

Bu gün Aprelin 24-ü "Olaylar" qəzeti və informasiya agentliyinin 20 yaşı tamam olub. SİA-nın məlumatına görə yubileyini qeyd edən "Olaylar" qalmaqallı həyat yolu keçməsinə baxmayaraq hər zaman düzgünlüyə, obyektivliyə sadiq qalıb. "Olaylar" qəzetinin baş redaktorunun müavini Elman Cəfərli deyir ki, 1995-ci ilin aprelin 24-də ilk buraxılışı işıq üzü görən "Olaylar" tez bir zamanda özünə geniş oxucu auditoriyası toplaya bildi: "Millət, dövlət, əxlaq devizi ilə çıxış edən "Olaylar" dünya ölkələrində yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının tribunasına çevrilib, azərbaycançılığı da başlıca prinsip olaraq qəbul edib. Baş redaktor Yunus Oğuzun rəhbərliyi ilə işgüzar, mehriban və bacarıqlı kollektiv yaranıb".

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yazılı medianın inkişafındakı roluna da diqqət çəkən Elman Cəfərli "Olaylar" qəzetinin inkişafında məhz sözügedən qurumun böyük dəstəyi olduğunu bildirib: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Olaylar" qəzeti bir sıra layihələr həyata keçirib və bu yardımlardan bəhrələnərək redaksiyanın maddi texniki bazasının yaxşılaşmasında mühüm addımlar atılıb. Bundan sonra da "Olaylar" var olduqca biz Azərbaycan dövlətçiliyinə, söz azadlığına, mətbuatın inkişafına xidmət edəcəyik".

Sonda biz də "Səs" Media Qrupu olaraq belə əlamətdar gündə həmkarlarımızı bir daha təbrik edir, onlara işlərində mətinlik, dönməz iradə, iti qələm arzulayırıq. Arzu edirik ki, daha böyük rəqəmlərlə ifadə olunan yubileylərinizdə iştirak edək, xoş arzu və diləklərimizi paylaşaq, sevincinizə şərik olaq.

Bütün xəbərlər Facebook səhifəmizdə