Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Multikulturalizmin aktual məsələləri" mövzusunda elmi konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, akademiyanın rektoru, akademik Urxan Ələkbərov konfransı giriş sözü ilə açaraq ölkəmizin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti barədə danışıb. Konfransda AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov "Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri", Akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev "Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti", Bakı Beynəlxalq Multikulturalizm Mərkızinin icraçı direktoru, professor Azad Məmmədov "Azərbaycan dövlətinin multikulturalizm siyasətinin həyata keçirilməsində Multikulturalizm Mərkəzinin rolu", AR Prezidenti yanında "Bilik" Fondunun aparat rəhbəri Hacı Abdulla "Ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində "Bilik Fondu"nun layihələrinin əhəmiyyəti" və Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə "Multikultural təhlükəsizlik və onun əsas prinsipləri" mövzusunda məruzə edib. Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə danışılıb. Bildirilib ki, bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi qələmə verir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbələri məruzələr ətrafında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB