Kənd yollarının təmirində son vəziyyət FOTO

Kənd yollarının təmirində son vəziyyət FOTO

Qovlarsarı-Qaraarx yolunun ümumi uzunluğu 7 kilometrdir. Bu yoldan Samuxla yanaşı, Şəmkir rayonunun Talış, Qaracəmirli, Qasım İsmayılov və Qılıncbəyli kəndlərinin sakinləri də istifadə edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sonuncu dəfə yola asfalt örtük təxminən 20 il əvvəl salınıb. Bir neçə dəfə cari təmir işləri aparılsa da bu yetərli olmayıb. Xüsusən yağışlı havalarda sakinlər müəyyən çətinliklərlə üzləşirlər. Nəhayət yerli əhalinin çoxsaylı müraciətlərini nəzərə alan Azəryolservis Qovalarsarı-Qaraarx yoluna asfalt örtüyünün salınmasına başlayıb. Artıq bir neçə gündür sözügedən ərazidə sürətli olaraq iş aparılır. Yolun qısa zaman kəsiyində istismara verilməsi planlaşdırılır.

"Nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərində bir sıra rayonlarla yanaşı, Samux sakinlərini də qəbul edib. Həmin görüşdə Qaraarx kəndinin sakinlərinin müraciətləri əsasında hazırda 7 kilometrlik yolun təmiri aparılır. Yaxın vaxtlarda işlər başa çatdırılacaq. Eyni zamanda biz digər istiqamətlərdə də xidmət etdiyimiz yollarda cari təmir işləri aparırıq"- deyə, 57 saylı Yol İstismar İdarəsinin rəisi Zakir Quliyev bildirib. Samux 57 saylı Yol İstismar İdarəsi 8 kilometri respublika əhəmiyyətli olmaqla ümumilikdə 218 kilometr yola xidmət edir. Bu il idarə tərəfindən Gəncə-Qarayeri, Nəbiağalı-Çobanabdallı-İnstitut və Yenikənd-Poylu avtomobil yollarında təmir işləri aparılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə