Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Komitə sədrinin sözlərinə görə, artıq əqli mülkiyyətin potensilaı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir. Ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradıldığını və nəticədə yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsidir. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət etdiyini bildirib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da söz alaraq "Beynəlxalq Əqli Mülkiyyət Günü"nün ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrildiyini və bu münasibətlə hər il Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanılmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini bildirmək, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu konfrans Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırış məqsədi daşıyır. Qloballaşan dünyanın yeni çağırışları haqqında danışan akademik qeyd edib ki, hazırda bütün dünyada qlobal informasiya cəmiyyəti quruculuğu prosesi gedir, həmçinin qloballaşmanın əsas təzahürlərindən biri budur ki, informasiya cəmiyyətində informasiya və bilik mübadiləsi asanlaşır və sürətlənir. Eyni zamanda, qlobal informasiya cəmiyyətində informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir.
Qeyd edək ki, konfransda həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdir müavini Emil Məmmədov öz məruzələri ilə çıxış ediblər. Bildirilib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hər il ölkəmizdə ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçirilir. Ötən il "Sənaye ili" çərçivəsində ilk dəfə olaraq I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB