Musa Qasımlının kitabı təqdim olundu

Musa Qasımlının kitabı təqdim olundu

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" və Milli Məclisin deputatı Musa Qasımlının "Erməni məsələsindən erməni soyqırımına: gerçək tarix axtarışında" adlı ingilis dilində nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə iki hissədən ibarət olan təqdimatda Milli Məclisin deputatları, universitet rektorları, tanınmış jurnalist və professorlar iştirak edib.

Açılış nitqi ilə ADU-nun prorektoru Vazeh Əsgərov çıxış edib: "Bu kitab ilk dəfədir ki, Azərbaycan Dillər Universitetində tərcümə olunub və mən əminəm ki, hər iki kitab yaxın gələcəkdə dünya ictimaiyyətinə çatdırılacaq".

Sonra qonaqlara söz verilib. İngilis dilinin tərcüməsi kafedrasının dosenti Fialə Abdullayeva çıxış edib: "Kitab Azərbaycan xalqının haq səsini dünya ictimaiyyətinə çıxarmaq üçün bir sübutdur. Bunu da bizə miras qoymuş Mir Mövsüm Nəvvabın əsəri ilə dünyaya çatdırmaq, paylaşmaq istəyirik".

Tarixçi - tədqiqatçı Rahil Nəcəfov isə öz çıxışında bildirib ki, Musa Qasımlının bu əsərinin tərcüməsində Dillər Universitetinin böyük rolu var: "Bu kitab Azərbaycan, həmçininTürkiyə üçün də vacib sübutdur. Ermənilərin törətdikləri vəhşilikləri yalnız Azərbaycan deyil, Türkiyə də yaşayıb. Çoxsaylı tədqiqatlara baxmayaraq yalançı "erməni soyqırımı"nı tanıyan dövlətlər var. Buna görə də bu kitabın tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılması ermənilərin soyqırımı iddialarının və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin böyük sübutudur".

Azərbaycan Respublikası Milli Məclisin deputatı Sahib Aliyev isə kitabın təqdimat mərasiminin Türkiyədə qeyd olunan Çanaqqala zəfəri ilə eyni vaxtda keçirilməsinin simvolik xarakter daşıdığını qeyd edib: "Sabah Türkiyədə Çanaqqala zəfərini qeyd edəcəklər. Məhs bu gün bu addımı ataraq erməni vəhşiliyini xarici dildə tərcümə edib ictimaiyyətə yaymaq gözəl addımdır. Ermənilər öz yalançı soyqırımları ilə bağlı 3 min ədəd kitab nəşr etdiriblər. Onlar yalan reklamla bütün dünyanı inandırmağa çalışırlar ki, ermənilər soyqırımına məruz qalıb. Amerika, Rusiya, Türkiyədəki mənbələrə söykənərək yazılmış və kifayət qədər faktlara əsaslanan bu kitab bütün müsəlman ölkələrinə yayılmalı və erməni vəhşiliklərinin gerçəkləri sübut olunmalıdır".

Qeyd edək ki, tədbirin ikinci hissəsində ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlının "Çanaqqala 100: Qardaş Köməyi " sənədli filmi nümayiş etdirilib və tədbir Sevda Ələkbərzadənin ifasında "Çanaqqala türküsü" səslənib.

Tədbir Vazeh Əsgərovun yekun nitqi ilə sona çatıb.

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə