Cavid Qurbanov təmir işlərinin gedişi ilə tanış olub FOTO

Cavid Qurbanov təmir işlərinin gedişi ilə tanış olub FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işlərinin gedişi ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, C.Qurbanov Sumqayıt sərnişin stansiyasının yenidən qurulması üçün təqdim olunan layihələrə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 24 km yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə