QHT-lərə Dövlət Dəstəyi Şurası Memorandum imzalayıb

QHT-lərə Dövlət Dəstəyi Şurası Memorandum imzalayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurası ilə "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi" arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb. SİA-nın məlumatına görə, mərasimdə Azay Quliyev və Mustafa Haşim Polad çıxış ediblər.

Açılışı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev edib. O, Türk dünyasının Çanaqqala zəfərini xatırlayaraq, bugünkü mərasimin də məhz simvolik xarakter daşıdığını qeyd edib: "Çanaqqalada Avropa ölkələri Türkiyəni məğlub edə bilmədisə, hər hansı əsassız soyqırımla, sənədlərlə məğlub edə bilməz. Çünkü Türkiyənin Azərbaycan kimi dostu, qardaşı var. Dövlətlər arasında görülən işlərdən başqa, bu gün qeyri- hökümət təşkilatları ilə də bir araya gələrək qardaşlığı daha da möhkəmlənəcək. QHT-lərə Dövlət Dəstəyi Şurası mühüm layihələrə dəstək verib. TİKA da bu dəstəyə imza ataraq böyük işlər görəcək. QHT sektorunun inkişaf etdirilməsi üçün burada bir çox sahələrə diqqət ayırmışıq. Ölkələrimizin milli maraqlarının müdafiəsi, sosial-siyasi, elmi-texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlıq nəzərdə tutulub".

Bundan əlavə, Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının təlim mərkəzinin açılışında maddi-texniki bazada əməyi keçən TİKA-ya da təşəkkürünü bildirib.

Daha sonra, TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polad öz fikirlərini söyləyib. O da əvvəlcə Çanaqqala zəfərindəki Türk əsgərlərinin şücaətindən bəhs edib. Osmanlı əsgərinin mədəniyyətində insanlıq naminə əsirə, qadına, yaşlıya, köməksizə hücumun olmadığını bildirib və bu zəfərin tək Türkiyənin deyil, eyni zamanda Azərbaycanın da payı olduğunu söyləyib. Mustafa Haşim Polad bildirib ki, güc birliyi ilə biz Azərbaycanda da bu yolu daha tez keçəcəyik və inkişaf etdirəcəyik.

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə