Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə "Gözlərə nur bəxş edən insan" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, akademik Zərifə Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib: "1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq".
Tədbirdə akademikə həsr olunan film nümayiş olunub.
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva görkəmli alim, gözəl insan, qayğıkeş ana, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. O, bildirib ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib: "Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindən olub".
Tədbirdə həmçinin, 23 saylı şəhər poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova, Qadın İnkişaf Mərkəzinin Suraxanı rayon bölməsinin sədri Şövkət Xanməmmədova və Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, görkəmli alim bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB