Hədəflərimiz və Missiyamız YENİLƏNİR

Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilir
Hədəflərimiz və Missiyamız YENİLƏNİR

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və "Bakı xəbər" qəzetinin birgə təşkilatçılığı ilə Bakı-2015: "Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin "Hədəflərimiz və Missiyamız" adlı tədbiri keçirilir. SİA xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi cəmiyyəti Birinci Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirməkdir.

Eyni zamanda bu işdə vətəndaş cəmiyyətində, mediada daha geniş tərkibli işlərin aparılması da əsas mahiyyət kimi qiymətləndirilir.

Giriş sözü ilə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Birinci Avropa Oyunlarının ölkəmizə gətirəcəyi dividentlərdən danışıb: "Azərbaycan bu oyunlara tam hazırdır, amma bu istiqamətdə həyata keçirilən yüksək səviyyəli işlərə baxmayaraq, bəzi beynəlxalq təşkilatlar qərəzli bəyanatlar yaymaqda davam edirlər. Bunların kimliyi hər birimizə məlumdur. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələrin birinci cəhdləri deyil. Bunun üçün biz birgə fəaliyyətimiz nəticəsində bu təşkilatlara adekvat cavab verməli, onları öz intellektual bacarığımızla susdurmalıyıq".

Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev geniş məruzə ilə çıxış edərək, mətbuatın üzərinə düşən vəzifələrdən və qarayaxma kampaniyalarının qarşısının alınması üçün görüləcək işlərdən danışıblar.

Qeyd olunub ki, Azərbaycana qarşı daha öncələr də bu kimi addımlar atılsa da, həmin kampaniyalar qərəzli dairələrin istədiyi nəticələri verməyib. Çünki Azərbaycan bütün qeyd olunan amillərlə yanaşı, həm də öz müstəqil, demokratik və qətiyyətli siyasətini inamla yürüdür. Bu baxımdan, həmin dairələrin atdıqları addımlar nəticəsiz qalmaqda davam edir.

Milli QHT forumunun prezidenti Raud Zeyni, "İki Sahil" qəzetinin baş redkatoru Vüqar Rəhimzadə isə öz çıxışlarında vuğulayıblar ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirir. Bu faktor isə ölkəmizin dünyada söz sahibi kimi formalaşmasına verilən əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir.

Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə