Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığı ilə "Xocalı soyqırımı: ikili standartlar və 100 ilin erməni yalanları" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Anadolu Aydınlar Mərkəzinin direktoru, professor İbrahim Öztək, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə təşkilatın sədri Vüqar Qədirov çıxış edərək Türkiyə və Azərbaycan qardaşlığının hər zaman belə uğurla davam edəcəyini bildirib. Diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: "Tarix boyu ermənilər azərbaycanlılara, ümumiyyətlə, Türk dünyasına qarşı təcavüz siyasəti həyata keçiriblər. Azərbaycanı gözü götürməyən bəzi xarici qüvvələr ölkəmizi daxilindən zəiflətməyə çalışırlar".
Çıxış edən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev bildirib ki, tarixə nəzər salsaq türk əsgərinin nə qədər mərd, vətənpərvər və döyüşkən olduğunu görürük: "Çanaqqalada türk əsgərinin göstərdiyi mərdlik dünyanın heç bir əsgərində olmayıb. Azərbaycanda isə ermənilərin təcavüzünün qarşısı yalnız Ümummilli lider hakimiyyətə gəldikdən sonra alınıb, ordu quruculuğuna başlanılıb. Biz bir millət, iki dövlət olaraq bütün resurslarımızı düşmənə qarşı birləşdirməliyik. Hansı sahədə çalışmasından asılı olmayaraq insanlarımız dövlətimiz və millətimiz üçün aparılan işlərdə fəal olmalıdır. Bu məsələlərdə mətbuat nümayəndələri də çox diqqətli olmalıdırlar."
Tədbirdə Türkiyədə çap olunan "Dünəndən bu günə erməni təcavüzü və Xocalı Soyqırımı" kitabının təqdimatı olub. V. Qədirov qeyd edib ki, kitabda ermənilərin çirkin xisləti konkret faktlarla göstərilib.
Kitabın müəllifi, Anadolu Aydınlar Mərkəzinin direktoru, professor İbrahim Öztək çıxışında ermənilərə qarşı bütün türklərin birləşməli olduğunu vurğulayıb: "Bu millətin tarixi, qardaşlıq bağı hər kəsə məlumdur. Bu gün biz daha da yaxın olmalıyıq. Ermənilərin apardığı soyqırım bütün türklərə aiddir. İndi onlar iddia edirlər ki, türklər onlara qarşı soyqırımı həyata keçirib. Halbuki, türklər erməniləri Bizansın zülmündən azad ediblər".
Qeyd edək ki, tədbirin sonunda Azərbaycan və Türkiyə QHT təmsilçiləri qondarma erməni soyqırımını qəbul edən Roma Papasına və Avropa Parlamentinə etiraz edən bəyanat imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB