Əli Həsənov: “Niyə onlar bizə yuxarıdan aşağı baxmalıdır?”

Əli Həsənov: “Niyə onlar bizə yuxarıdan aşağı baxmalıdır?”

"Avropa Parlamentində qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsi təəccüblü də deyil. Ümumiyyətlə, "Avropa Parlamentindən nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentin uydurma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Baş nazirin müavini vurğulayıb ki, onların qərarının heç bir mənası yoxdur: "Onlardan nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır. Türkiyədən olan rəsmi şəxslərlə görüşümdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmayın. Buna heç cəhd də etməyin. Çünki sizi qəbul etməyəcəklər. Məsələ ilə bağlı Roma Papasının çıxışına gəlincə, deyə bilərəm ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunur".

Avropa Parlamentinin qondarma "erməni soyqırımı"na qarşı belə mövqe sərgiləməsində bizim də günahımız var. Təbii ki, birmənalı olaraq bu işdə erməni əli var. Çünki bəzi məsələlərdə onlar bizi qabaqlayırlar. Əvvəllər biz deyirdik ki, ermənilər dünyaya səpələniblər, güclü diasporları var. İndi Allaha şükür ki, Azərbaycanın, Türkiyənin, İranın kifayət qədər diasporu var. Sadəcə çalışmalıyıq. Bu istiqamətdə işləməliyik ki, bu cür xoşagəlməz hallar olmasın. Digər səhvimiz nədir? Avropalıları yuxarı başa az keçirməliyik. Biz onları həmişə yuxarı başa keçiririk, nəticə isə belə olur. Yəni, onlara da yerlərini göstərməliyik, öz yerimizi də bilməliyik. Niyə onlar bizə yuxarıdan aşağı baxmalıdır? Onların nəyi bizdən artıqdır? Nə mənəvi, nə iqtisadi, nə də siyasi baxımdan heç bir Avropa ölkəsinin vətəndaşı Azərbaycan vətəndaşından yüksək deyil. Oturaq qabaq-qabağa baxaq görək kim-kimdir? Amma onların səhvi odur ki, 30-40 il bundan əvvəl sovet vətəndaşı haqqında hansı düşüncələri vardısa, o düşüncə hələ də başlarında qalıb. Bunu həmin ölkələrin səfirlərinin hamısına deyirəm. Axı biz o adamlar deyilik. 19-cu əsrin sonunda almanlar, ingilislər və digərləri Azərbaycanda gəlib işləyirdilər. Bunu bir oxusunlar. Biz belə faktları az deyirik. Nə üçün deməməliyik? Öz yerimiz bildirməməliyik.

O, vurğulayıb ki, İslam həmrəyliyi, müsəlman ölkələrinin həmrəyliyi lazımdır: "İslam ölkələrinin səhvidir ki, Avropa bir islam ölkəsinin əli ilə digərinin başını vurur. Ona görə də çalışmalıyıq ki, belə hallara yol verməyək və yerimizi onlara göstərək.

Ə. Həsənov deyib ki, Azərbaycan ümumiyyətlə nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməlidir: "Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir".

Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək: "Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim ki, sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin".

Bütün xəbərlər Facebook səhifəmizdə