Lerik rayonu 1-ci rübə yekun vurdu

Lerik rayonu 1-ci rübə yekun vurdu

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2015-ci ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi. SİA-nın Cənub bürosunun məlumatına görə, şura iclasında rayon icra hakimiyyəti başçısı, aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün məsələlər barədə ətraflı məlumat verdiyini, ötən ilin sonundan dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini, ölkəmizin ilin birinci rübünü uğurlu göstəricilərlə başa vurulduğunu qeyd etdi.

Sonra natiq birinci rübdə rayonda aparılan tikinti-quruculuq işlərini, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "İDEA" ictimai birliyinin I "Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində rayonumuzda da ağac əkmə kompaniyası uğurla davam etdirildiyini, ümumilikdə 2015-ci il üçün rayon meşə mühafizəsi və bərpası müəssisəsi ilə birlikdə rayon ərazisində 60 mindən yuxarı ağacın əkiləcəyini diqqətə çatdırdı.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov birinci rübün yekunları ilə bağlı geniş məruzə etdi. Bildirdi ki, 2015-ci ilin birinci rübündə havaların yağmurlu keçməsi səbəbindən rayonda aparılan tikinti-abadlıq işlərində bir sıra fasilələr yaranmış, aparılan tikintilərin tempi aşağı düşmüşdür. Lakin bütün bunlara baxmayaraq keçən 3 ay ərzində sahibkarlıq subyektlərində, digər sahələrdə 164 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 95-i daimi iş yerləridir. Eyni zamanda 180 şagird yerlik Pirasora, Boykəndil, Anbu kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərinin, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilir.

Ümumilikdə Dövlət Proqramlarının icrası ilə bağlı rayonumuzda bu günə kimi 9763 yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.

2015-ci ilin birinci rübü üzrə yerli gəlir proqnozu 467,9 min manata qarşı 532,6 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün respublika büdcəsindən alınmış dotasiya proqnozu 3597 min manata qarşı 3597 min manat, cəmi xərclər isə 3779,8 min manata qarşı, 3779,8 min manat icra edilmişdir.

Ölkə başçısı tərəfindən "Kənd təsərrüfatı ili" elan edilmiş 2015-ci ildə bu sahənin inkişafı məqsədi ilə tədbirlər həyata keçirilmiş, yeni cins mal qaranın yetişdirilməsi ilə əlaqədar 121 baş heyvanda süni mayalanma aparılmış, 49 baş sağlam buzov əldə edilmişdir. İribuynuzlu mal-qaranın baş sayı 37333 baş, keçən ilin müvafiq dövrünə nisbətən 130 baş çox, qoyun və keçilərin sayı 130687 baş, 301 baş çox olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında keçən il olduğu kimi bu il də rayon sakinlərinin kütləvi tibbi müayinə işləri uğurla davam etdirilir. Hal-hazıradək 31993 nəfər tibbi müayinədən keçirilmiş, xəstəlik aşkar edilmiş vətəndaşlar ambulator və stasionar müalicəyə olunmuş, 26 nəfər daha geniş müayinə və müalicə olunmaqdan ötrü Bakı şəhərinə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi çərçivəsində 100 nəfərdən yuxarı naxçıvanlı məktəbli rayonumuzun təbiəti, tarixi, milli mətbəxi ilə tanış olmuşlar. Qarşılıqlı olaraq rayonumuzun məktəbliləri də Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

İclasda rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayev, 43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə çıxış etdilər.

Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə