Daşkəsəndə I rübün müzakirəsi aparılıb

Daşkəsəndə I rübün müzakirəsi aparılıb

Bu gün Daşkəsən rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açıb.

Qeyd edib ki, biz Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri rayonumuzda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2015-ci ilin birinci rübü bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə diqqətəlayiq nəticələr əldə edilib. Ayrı-ayrı sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir:

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Prezident sarayında, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident cənab İlham Əliyev iclası giriş nitqi ilə açaraq demişdir ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır, sənaye istehsalında da birinci rübdə artım olmuşdur.

Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başcısı nitqinə davam edərək bildirmişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2015-ci ilin birinci rübündə bir çox işlər görülmüş və çox böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.

Ə.Abıyev qeyd edib ki, 2015-ci ilin birinci rübü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu sahədə işlər davam etdirilməkdədir. Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri davam etdirilir. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tezliklə tikintisinə başlanılacaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı xüsusi olaraq vurgulamışdır ki, "Yeni Daşkəsən" layihəsi elmi əsaslarla işlənib, hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu gün "Yeni Daşkəsən" layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.

2015-ci ilin birinci rübü ərzində elektrik enerjisinin əhali qrupu üzrə dəyəri 92,4%, ümumi ödəmə isə 63,46% ödənilmişdir. Elektrik şəbəkəsinin rəhbərliyi elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə lazımi trədbirlər görülməsini təmin etməlidir. Qaz İstismar Sahəsi üzrə 2015-ci ilin birinci rübü ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 95,4%, ümumi ödəmə üzrə isə 77,3% təşkil etmişdir. Sahə üzrə başlanmış struktur dəyişikliyi başa çatdırılmışdır. Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin məzmunlu geniş nitqindən sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Şahbaz Mehdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə