15 aprel 2015-ci il tarixdə Beynəlxalq Yer Günü ilə əlaqədar ETSN-nin mütəxəssisləri Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.
16 aprel 2015-ci il tarixdə "22 aprel - Beynəlxalq Yer günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində Ümummilli lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği məqsədilə seminar keçirilib.
Seminarda tələbələrə ətraf mühitin mühafizəsi istiqamətində son illərdə Nazirlik tərəfindən görülmüş işlər barədə məlumat verilib, həyata keçirilmiş tədbirləri əks etdirən film nümayiş etdirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nazirlik əməkdaşları tərəfindən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib, eyni zamanda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanma və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakının vacibliyi vurğulanıb.
Həmçinin, müzakirədə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilərək dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edən 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq
olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Bu istiqamətdə respublikanın orta və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Xatırladaq ki, "Beynəlхalq Yer günü"nün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunmuşdur. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac günü" kimi qeyd olunmağa başlanmışdır.
1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılmışdır. 1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilmişdir. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olmuşdur.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. "Yer günü" ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB