Astara rayonuna 5,5 milyon manat ayrıldı Sərəncam

Astara rayonuna 5,5 milyon manat ayrıldı Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə Astara rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Modul tipli Elektrik və Astara Qaz-Kompressor Stansiyaları, Olimpiya İdman Kompleksi, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunmuş, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, səksən dörd min nəfər əhalinin yaşadığı 83 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuşdur.

Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə