"59 mənzil tamamilə yanıb"
Xətaidə yanan bina REPORTAJ

Ötən gün Bakının Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş verən yanğının fəsadları məlum olmağa başlayıb. Hadisənin fəsadları ilə yerində tanış olmaq üçün birbaşa yollandıq yanğın baş verən əraziyə.

Qarşılaşdığımız mənzərə çox acı idi. Belə ki, yanğın nəticəsində binanın divar üzlüyü vurulan hissəyə düşən bütün mənzillər demək olar ki, tamamilə yararsız vəziyyətdə idi. Kimi yanmış evindən sağ çıxara bildiyi bəzi zəruri əşyalarını daşıyır, bəziləri isə aidiyyatı orqan əməkdaşları ilə mübahisə edirdi.

Reportajımız zamanı sakinlər bildirdilər ki, binada baş verən yanğına səbəb ilk növbədə təmir işləri ilə məşğul olan fəhlələrin səhlənkarlığı olsa da əsas səbəb isə binanın üzlənməsi zamanı istifadə olunan tikinti materialının tezalışan, keyfiyyətsiz olmasıdır.

Sakinlərin sözlərinə görə, yanğın zamanı çoxu işdə olub. Elə bu səbəbdən də evlərindən heçnə çıxara bilməyiblər. Onların dediyinə görə, binada olan 107 mənzildən 59-u, yəni üzlük vurulan hissəyə düşən bütün mənzillər yanıb və fotolardan da göründündüyü kimi yaşayış üçün yararsız vəziyyətə düşüb.

İlk yaxınlaşdığımız bina sakini Minarə Babayeva deyir ki, evindən heç bir əşyanı çıxara bilmyib: "Evdə nəyim vardısa, hamısı yanıb. Yararlı heç nə qalmayıb. Nəyimiz qalıb ki? Hətta yuyub sərdiyim paltarlar belə kül olub. Yəni, hər şeyimiz yanıb kül olub".

İsmixan Güləhmədov da evindən yararlı əşya çıxara bilməyənlərdəndir: "Səhər işə gedərkən bütün elektirik və qaz avadanlıqlarını söndürmüşdüm. Axşam evə qayıdanda zəng etdilr ki, evim yanır. Yanğının baş vermə səbəbi ilə maraqlananda məlum oldu ki, yanğın məhz yararısız və tezalışan üzlüyün anidən tutaşması səbəbindən baş verib".

Bundan başqa fikrini aldığımız bina sakinləri bildirdilər ki, onlara dəyən zərərə görə, aiddiyyatı qurumlar hansı kompensasiyanın veriləcəyi barədə heç nə demirlər. Onlar qeyd edirlər ki, sadəcə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərə baxış keçirirlər və yanmış əşyaları siyahılaşdırırlar.

Reportajımız zamanı məlum oldu ki, zərərçəkmiş sakinlərin bəziləri qohumları, digərləri isə şəxsi avtomobillərində gecələyiblər. Ona görə də sakinlər bizim vasitəmizlə aidiyyatı orqanlardan müvəqqəti yaşayış üçün yer ayırmalarını da xahiş ediblər.

Çəkiliş apardığımız zaman da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləsələr də Xətai rayon icra hakimiyyətindən kimisə gözümüzə dəymədi. Ona görə də onlara aid suallarımız verə bilmədik. Ancaq, Fövqəladə Hallar Nazirliyinin ərazidə işləyən rəhbər işçisi, istintaq qrupunun rəhbəri Cəmaləddin İdrisov SİA-ya bildirdi ki, hələlik yanğınla bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra yanğının səbəbləri, dəymiş ziyanla bağlı məlumat veriləcək.

Qeyd edək ki, Nobel prospekti boyunca yol kənarında yerləşən binaların, ticarət obyektlərinin üzlənməsi zamanı məhz alkopan üzlüklərdən istifadə olunur. Bu da tez alışan materialdır. Baş verən yanğın sakinlərin iş saatına təsadüf etdiyindən heç bir xəsarət alan olmayıb. Yaxşı ki, yanğın gecə saatlarında baş verməyib, onda insan itkisi qaçılmaz olardı. Ona görə də əgər vaxtında tədbir görülməzsə, prospekt boyu üzlənən digər binalarda da buna bənzər fəlakətlər qaçılmaz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə