Demokratiya və aşkarlığın mövcud olduğu cəmiyyətimizdə informasiyanın oxucuya dəqiq və qərəzsiz təqdim edilməsi vacib amildir. Bu vacib məsələnin əsas fiqurları təbii ki, mətbuat nümayəndələridir. Mürəkkəb proseslərdə həm müşahidəçi, həm də iştirakçı kimi bizlər dolğun və dəqiq xəbərin daşıyıcılarıyıq. Cəmiyyət üçün ölkədə tirajlanan qəzetlərin harada, necə, hansı şərtlərlə çap olunması, mövzuların müəyyənləşməsi, jurnalistlərin iş rejimi, fəaliyyətləri, baş redaktor-əməkdaş münasibətlərinə qədər bütün amillər olduqca maraqlıdır. Məhz bu məqsədlə də "SƏS" qəzetinin yeni layihəsinə start verdik. "Həmkar" adlı layihəmizlə oxuculara çalışacağıq ki, redaksiyalarda gördüklərimizi və eşitdiklərimizi hətta redaktə etmədən belə qələmə alaq. Buna necə əməl edəcəyimizi isə, hörmətli oxucular, sizlərin ixtiyarına buraxırıq.
"Həmkar"ın ilk qonağı bizim üçün həm məkan baxımından, həm də əqidə baxımından çox yaxın olan "Yeni Azərbaycan"çılardır. "Xeyli yol qət etdikdən" sonra çatdıq "Yeni Azərbaycan" qəzetinin yerləşdiyi ofisə. İlk olaraq hörmət əlaməti olaraq baş redaktor Hikmət Babaoğlunun qapısını döydük. Qarşılaşdığımız mənzərə isə köməkçinin bizim gəlişimzdən xəbərsiz olduğunu göstərdi: "Mənim xəbərim yoxdur. Gəlişinizi əvvəlcədən xəbər versədiniz, yaxşı olardı". Sevinc xanımın narahatçılığına son qoymaq üçün "Ay Sevinc xanım, xəbər verib gəlsəydik, "sirlərinizi" öyrənə bilməzdik" deyə səmimi münasibət yaratmaqla, baş redaktorla görüşməyə çalışdıq. İstəyimizə nail olub, daxil olduq geniş, səliqəsi ilə göz oxşayan baş redaktorun iş otağına. Baş redaktorla görüş zamanı, diqqətimizi ilk cəlb edən onun qarışıq masası idi. Masada demək olar ki, kitablardan barmaq qoymağa yer yox idi. Bu da aydın məsələdir. Hikmət Babaoğlu baş redaktor olmaqla yanaşı, həmçinin bir neçə elmi kitabın müəllifidir, siyasi elmlər doktorudur. Salam əleykümdən sonra planlaşdırma üçün jurnalistlər yavaş-yavaş daxil olurlar otağa. Birtəhər də olsa hərə özünə yer tapıb əyləşir. Hikmət Babaoğlu ölkədə baş verən ictimai-siyasi vəziyyətə nəzər salaraq öz tövsiyə xarakterli fikirlərini jurnalistlərlə bölüşür: "Bugünkü cəmiyyət informasiya cəmiyyəti kimi səciyyələndirilir. Bu baxımdan da hər birimizin həyatında informasiyanın təsiri günü-gündən artmaqdadır. Gündəlik çap olunan qəzetimizdə xüsusilə bu kimi məqamları diqqətdə saxlamalı, informasiya ilə davranmağı, onu yönləndirməyi bacarmalıyıq". Mövzular deyildikcə mənim beynimdə "bütün bunları səhifələrdə yerləşdirmək mümkündürmü?" fikri dolaşırdı. Nəhayət hövsələsizik edib, soruşuram ki, "Hikmət müəllim, bu qədər mövzular sadaladınız, onların hamısını bir günün qəzet buraxılışına necə yerləşdirəcəksiniz"? Təəccübümə rəğmən Hikmət müəllim deyir:
- Əlbəttə, mümkün olmayacaq. Bunların hamısı yazılsa, o zaman gərək 24 səhifə çıxaq. Əslində, bu mövzular jurnalistlərimiz üçün bir növ düşünmək imkanı verir. Strateji və aktual mövzular bu gün olmasa da, sabah yazıla bilər. Əsas odur ki, müxtəlif mənbələrdən araşdırma aparmaqla oxunaqlı bir yazı ortaya çıxır.
"YENİ AZƏRBAYCAN"A GƏLMƏYİM SANKİ DOĞMA YURDUMA QAYIDIŞIM OLDU"
Tapşırıqlar verildi, hər kəs mövzulara öz fikirlərini bildirdi və əlavə etmək istədikləri bir neçə mövzunun da gündəmin nəbzinə uyğun olduğunu qeyd etdilər. Planlaşma zamanı diqqətimdən yayınmayan əsas məqam jurnalistlərin çox rahat şəkildə fikir mübadiləsi aparmaları və baş redaktorlarının suallarını cavablandırmaları oldu. İş çərçivəsindən çıxmamaqla tam səmimi bir ortam, bizə əslində düşündüklərimizin əksini yaşatdırdı. Səbəbi isə çox aydındır. Hikmət Babaoğlunun zahiri görünüşündə olan zəhm bunu belə deməyə əsas verirdi. Planlaşdırma bitir və jurnalistlər baş redaktorun otağından çıxırlar. Fürsətdən istifadə edib, Hikmət müəllimdən qəzetçilik fəaliyyətinə harda və necə başladığını, bu peşənin onun həyatında hansı rola malik olduğunu soruşuruq.
-Mən peşə fəaliyyətimə tələbəlik illərindən başlamışam. O zamanlar istehsalat qəzeti deyilən bir anlayış mövcud idi ki, "Çinar" adlı qəzet də oraya daxil idi. 1989-cu ildən jurnalist kimi fəlaiyətimə oradan başlasam da, sonrakı illərdə Yeni Azərbaycan Partiyası (YAP) mərkəzi aparatında işimi davam etdirdim. İdealogiya şöbəsində işlədim. Daha sonrakı iş yerim isə Torpaq və Xəritəçəkmə Komitəsi oldu ki, orada da mətbuatla əlaqələrim heç qırılmadı. O illərdə "Səs" qəzetində yazılarım da dərc edilirdi. "Səs" qəzetinin tarixi nüsxələrini vərəqləsəniz, mənim imzalarımı görərsiniz. 2008-ci ildən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru təyin edildim. Bu, çox böyük etimad olmaqla yanaşı, məsuliyyət idi. Bu qəzet mənim üçün doğma olduğu kimi, həm də əziz idi. Hakim partiyanın əsas ruporu olan "Yeni Azərbaycan"a gəlməyim sanki doğma yurduma qayıdışım oldu.
- Kollektivlə münasibətinizi hansı çərçivədə qurmağa çalışırsınız? Dost, həmkar yoxsa, işçi münasibətləri?
- Əgər qəzetdə inzibatçılıq yartamağa çalışsanız, o zaman təşəbbüskarlığı boğacaqsınız. İdeyaları, dinamizmi boğacaqsınız ki, bu da əlbəttə ki, qəzetin xeyrinə olmayacaq. Jurnalist peşəsi yaradıcı peşə olduğu üçün maksimum sərbəstlik verilməlidir. Amma....
- Amma nə?
- Amma bir çərçivə olmalıdır. İntizamlı iş bizi bütün hallarda uğura aparar.
"ÇOX XOŞDUR Kİ, QƏZETİMİZİN 22 İLLİYİNİN SEVİNCİNİ MƏN DƏ YAŞAYIRAM"
Baş redaktorla qısa sual-cavab bitdikdən sonra, jurnalistlərin iş fəaliyyətləri ilə tanış olmaq üçün otaqları bir- bir gəzirik. Otaqlarda elə bil hamı dəymişdi bir-birinə. Operatorum da sağ olsun, jurnalistlərin otağı qalıb bir tərəfdə qaçıb girib baş müsahibin otağını çəkir. "Bilirik ay Orxan, maaşlar orda verilir, qələmlər orda sınır, amma birinci ordan yox da". Nə isə əsas xəbərlərin hazırlandığı jurnalistlər otağında Nardar Bayramlı, Nurlan Qələndərli və Arif Əsədov sabahın buraxılışı üçün məqalə hazırlayırdılar. Ayaq saxlayıb onların qəzetə gəlişlərini necə xatırladıqlarını öyrənmək istədim.
Nardar Bayramlı: "1998-ci ildən qəzetdə çalışıram. Qəzetin parlament müxbiriyəm. Gündəlik olaraq, daxili siyasətə aid məqalələr də yazıram. Mən 2013-cü ilin aprel ayında Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist" Fəxri adına layiq görülmüşəm. Çox xoşdur ki, qəzetimizin 22 illiyinin sevincini mən də yaşayıram. Ötən illər ərzində qəzetimiz inkişaf edib, gözəl kollektivimiz formalaşıb. Bu kollektiv digər mətbuat orqanları üçün də nümunə ola bilər. Çünki kiçik kollektivimizin böyük işlərin öhdəsindən layiqincə gəldiyinə əminəm".
Nurlan Qələndərli: "2009-cu ildən etibarən burada çalışıram. "Yeni Azərbaycan"ın Analitik Qrupunun rəhbəri kimi Azərbaycanın daxili və xarici siyasəti, müasir beynəlxalq münasibətlər sistemi, milli, regional və qlobal təhlükəsizlik məsələləri ilə bağlı analitik məqalələr yazıram. Bu qəzet Azərbaycan mətbuatının lokomotiv media institutlarından biridir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, mən peşə fəaliyyətimə məhz Azərbaycan mətbuatının lokomotivlərindən, ən nümunəvi fəaliyyətə malik olan media qurumlarından biri olan "Yeni Azərbaycan" qəzetində başlamışam. Peşəkar və mehriban kollektiv, səmərəli iş mühiti fəaliyyət göstərdiyimiz müddət ərzində kollektivimizin hər bir üzvünün işinin, bütövlükdə, "Yeni Azərbaycan"ın fəaliyyətinin uğurlu olmasını təmin edir...".
Nurlan sözünü bitirməmiş qapı açılır, bir xanım "Nurik, adaptoru ver!" deyə bildirir. Sən demə kollektivdə Nurlana "Nurik" deyə müraciət edilirmiş. Onlarla söhbətimizi yekunlaşdırıb, fotoqrafımız və kameramanımız kadrlarını çəkdikdən sonra keçirik jurnalistlərin yazıb, redaktorların üstündə şəkil çəkdikləri otağa. Redaktorlar Aqşin Şahinoğlu və Nadir Azəri bizi görəcək qarşılarında yazılı vərəqi redaktə etdikləri görüntüsü yaratmağa çalışdılar. Atmacamızdan qalmırıq: Nə yazı redaktə edirsiniz axı, planlaşma ki, indi bitdi. Bir-biriləri ilə məzəli duzlu söhbət edən iki dosta Pərviz Sayadoğlu da qoşulur. Pərviz dostlarına sakitcə "mən kostyum geyinməmişəm. Görəsən, fotoqrafın obyektinə necə düşəcəm?" Fotoqrafımız "narahat olama, bir şey fikirləşərik" deməklə, onu sakitləşdirməyə çalışır. Dostları otaqdaca qoyub keçirik qarşı otağa. Orada Mübariz Abdullayev kompyuter qarşısında oturub, məqalə yazırdı. Göz dəyməsin, kompyuter masası mükafatlarla dolu idi. "Mübariz müəllim, niyə zəhmətinizin dəyəri olan bu mükafatları ağzı bağlı şəkildə saxlayırsınız?" sualımıza Mübariz müəllim "yerim dardı" deməklə kifayətləndi. Biz də ona əlavə sual verib yormamaq üçün sağollaşıb daxil oluruq bütün xəbərlərin və məqalələrin yığıldığı, qəzetin səhifəlndiyi məsul katibin otağına. Məsul katib Zahid İlhamoğlunun işinin xırdalıqlarını nə qədər öyrənməyə çalışsaq da, o xəstə olduğu üçün danışmağa taqətinin olmadığını bəhanə gətirməklə, "sirrini" açmaqdan yayındı. Biz də dərinə getməyib, onu çox sorğu-suala tutmuruq. Sağollaşıb ordan ayrılırıq. Xatirə şəkili çəkdirmək üçün kollektiv iclas zalına toplaşdığı zaman yeni bir imzanın qatıldığı diqqətdən yayınmadı. Redaktor Nadir Azəri "Hikmət müəllim, sabah "Yeni Azərbaycan"ın 22 illiyidir" deyə bildirdi. Bu münasibətlə Hikmət müəllimi "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və kollektivi adından təbrik edir, işlərində və fəaliyyətlərində uğurlar arzulayırıq. Hikmət müəllim xoş sözlərə görə bizə təşəkkür edir.
İldönümünü yaddaqalan günə çevirmək üçün kollektiv üzvlərinin hərəsi bir təklif irəli sürür. Deyəsən, sonda baş redaktorun dediyi oldu: hələlik, çay süfrəsi, tortla kifayətdir. Hətta baş redaktor reklamla bağlı vəziyyəti öyrənmək üçün qəzetin reklam şöbəsinin müdürü Səlim Balayevə sual edir. "Yaxşıdır müəllim" - deyə Səlim Balayev də əminliklə cavab verir.
Redakisya kollektivi ilə xüdahafizləşib ayrıldığımız zaman Hikmət müəllimin dediyi sözləri eşitdik. "Sizə çay da vermədilər. Sağ olsun Sevinc xanım (Baş redaktorun köməkçisi nəzərdə tutulur-İ.M.)". "Eyib etməz Hikmət müəllim, ildönümünüzün keçirildiyi zaman xəbər edərsiniz, gəlib tortla çayınızı içərik" deyib bu işgüzar, səmimi, bütün fəaliyyətləri ilə dövlətə, dövlətçiliyə, Ümummilli Lider Heydər Əliyev yoluna sədaqətli olan "Yeni Azərbaycan" kollektivindən ayrılırıq. Biz də tələsirik. Çünki "Həmkar" rubrikasının ilk qonağı olduğu "Yeni Azərbaycan" qəzetinin iş fəaliyyətində gördüklərimizi və eşitdiklərimizi işin sonuna qədər hazırlayıb, Baş redaktorumuza təqdim etməli idik.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB