Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Gəncə 2016: Gələcəyə Baxış" Beynəlxalq Forumunun iştirakçıları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində keçirilən görüşlərdə iştirak ediblər. SİA-nın məlumatına görə, forum iştirakçıları ilə görüşən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat Rəhbəri Faiq Qürbətov və Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektor Müdiri Orxan Ərəbov iştirakçılara Azərbaycan Gənclər Fondunun fəaliyyəti, onların yerli gənclər və gənclər təşkilatları, eləcə də xarici təşkilatlar üçün faydaları haqqında məlumat veriblər. İştirakçılar tərəfindən böyük maraqla qarşılan təqdimatdan sonra Fondun rəsmiləri tərəfindən iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
"Gəncə 2016: Gələcəyə Baxış" Beynəlxalq Forumu çərçivəsində növbəti görüş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş tutub. Forumun iştirakçıları ilə görüşən Nazir müavini İntiqam Babayev onlara Azərbaycanda həyata keçirilən gənclər siyasəti, o cümlədən gənclər sahəsində görülən işlər, ölkəmizdə gənclər və gənclər təşkilatları üçün yaradılan imkanlar haqqında məlumat verib. Bu istiqamətdə Azərbaycanda görülən işlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanda həyata keçirilən Gənclər Siyasətinin uğurlu bir təcrübə kimi digər dövlətlər tərəfindən tətbiq olunmasının vacibliyi vurğulanıb. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Keçirilən görüşlərlə Forum Bakı şəhərində öz işini yekunlaşdırıb və iştirakçılar artıq Gəncə şəhərindədirlər. Bugün, keçiriləcək tədbirlə "Gəncə 2016: Gələcəyə Baxış" Beynəlxalq Forumu öz işini Gəncə şəhərində davam etdirəcək.
Məlumat üçün qeyd edək ki, Foruma 7 Aprel 2015-ci il tarixində start verilib. Forumda Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, şəhəri (Varna) 2017-ci il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Bolqarıstan və şəhəri 2018-ci il üzrə Avropa Gənclər Paytaxtına namizəd olan Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edir. Forumun məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərinin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir. Forum zamanı iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzülarda sesiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin tədbirdə Avropa Gənclər Paytaxtların nümayəndələrinin tövsiyyə və təklifləri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB