Erkən nikaha yox deyək

Bu gün Cəlilabad rayonunun Sabirabad kəndindəki 1 nömrəli tam orta məktəbdə "Sağlam həyat naminə erkən nikaha yox deyək" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və polis işçiləri, valideynlər, məktəbin yuxarı sinif şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə erkən nikahla bağlı filmlərə baxıblar.

Toplantıda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, əhalinin, xüsusən gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə "Sağlam həyat naminə erkən nikaha yox deyək" layihəsi həyata keçirilir.

Dövlət Komitəsi tərəfindən hazırlanmış "Heydər Əliyev və dövlət qadın siyasəti" kitabı haqqında tədbir iştirakçılarına məlumat verən S.Qəhrəmanova Komitədə "Valideyn məsuliyyəti haqqında" Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mövzu ilə bağlı məruzə edib. Erkən nikahların yayılması və onun səbəbləri barədə ətraflı söhbət açan A.Veysəlova bildirib ki, erkən nikahların yayılmasına təkan verən amillər müxtəlif mənşəli və fərqli əhəmiyyətə malikdirlər. Onlar bir-biri ilə sıx əlaqəli olub, biri digərindən fərqlənir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandaki nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2010-cu ilin oktyabrın 11-29-da ölkənin regionlarının şəhər və rayonlarında "Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair" statistik müayinəyə əsasən 18 yaşadək erkən nikaha daxil olan qızların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.

Azərbaycanın ayrı-ayrı bölgələrində erkən nikahlarla bağlı vəziyyət barədə məlumat verən A.Veysəlova vurğulayıb ki, bu sahədə ən yüksək rəqəm Aran (62) və Lənkəran (33) iqtisadi rayonunun payına düşüb.

Tədbirdə çıxış edənlər erkən nikahların qarşısını almaq məqsədilə təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə