ATGTİ-də struktur dəyişiklikləri olub

ATGTİ-də struktur dəyişiklikləri olub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) struktur dəyişiklikləri olub və xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamenti təsis olunub. SİA-nın məluamtına görə, ATGTİ-nin yeni icraçı direktoru Nigar Süleymanlı təyin edilib. Qeyd edək ki, Nigar Süleymanlı ATGTİ-nin İnsan resursları departamentinin direktoru vəzifəsində çalışıb. Yeni yaradılmış xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinə isə 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı ilə Qlazqo Universitetində təhsil alan Toğrul Məmmədli direktor təyin edilib.

Nəzərinizə çatdırırıq ki, ATGTİ-nin tərkibində yeni departamentin yaradılmasında məqsəd xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycanın tarixi, mədəniyyəti və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda diaspora rolu oynamaq, müxtəlif beynəlxalq forumların və sərgilərin keçirilməsi, qarşıdan gələn Baku 2015 I Avropa Oyunlarının xaricdə təhsil alan əcnəbi tələbələr arasında təbliğini aparmaqdan ibarətdir.

Xaricdə təhsil alan tələbələrlə iş departamenti iyun ayına qədər Böyük Britaniya və Avropa ölkələrində təhsil alan tələbələrin, daha sonra isə Amerika, Avstraliya və Asiya ölkələrində təhsil alan tələbələrin üzvləşməsini aparılmasını qarşısına məqsəd qoyub. Departament həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə əlaqələrin qurulması, xaricdə fəaliyyət göstərən Azərbaycanlı gənclər tərəfindən təşkil olunan gənclər təşkilatları ilə iş aparılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, ATGTİ-nin xaricdə təhsil alan tələbələrlə iş departamenti Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyevin doğum günü ərəfəsində Baku 2015 I Avropa Oyunlarına həsr olunmuş marafon yarışı keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə