“Coğrafiya və təbii resurslar” jurnalının təqdimatı keçirilib TƏDBİR
Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşəbbüsü və təşkilatçılığı ilə "Coğrafiya və təbii resurslar" elmi-metodiki jurnalının yeni nəşrinin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində Coğrafiya İnstutunun direktoru, akademik Ramiz Məmmədov, alimlər və AMEA-nın müxbir üzvləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən akademik Ramiz Məmmədov hazırda iqtisadiyyatın və sosial həyatın bütün sahələrinin coğrafi məlumatlarına ehtiyacı olduğunu qeyd edərək bildirib ki, məhz bu məqsədlə də coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsinə geniş imkanlar yaratmalıyıq: "Azərbaycanın coğrafiyaçı alimləri və mütəxəssisləri tərəfindən ölkənin coğrafiyası və təbii resurslarına, ekologiyasına aid çoxlu sayda kitab və monoqrafiyalar, minlərlə məqalələr yazılmasına baxmayaraq, indiyə qədər Azərbaycanda elmin bu sahəsinin özünün dövri mətbuat orqanı olmamışdı. Ona görə də, Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni elmi nailiyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü görməsini ciddi addım hesab edirəm. Jurnalın redaksiya heyətinə AMEA alimləri ilə yanaşı, respublikamızın universitetlərində çalışan tanınmış tədqiqatçılar və pedaqoqlar cəlb edilib. O cümlədən məqalələrin dərc olunmasına qoyulmuş tələblər beynəlxalq standartlara uyğunlaşdırılıb ki, gələcəkdə jurnalın redaksiya heyətinə görkəmli xarici ölkə alimlərinin də cəlb edilməsi nəzərdə tutulub. Çap olunacaq məqalələrdə, əsas tələb kimi, elmi cəhətdən novatorluğa, müasir yanaşmalara, elmi yeniliyə üstünlük veriləcək. Coğrafiyanın ali və orta məktəblərdə tədrisinin müasirləşdirilməsi, coğrafi informasiya texnologiyalarının tətbiqi, təhsilin müxtəlif səviyyələrində subyektlərə çatdırılacaq biliyin məzmun və səviyyəsininin müəyyən edilməsi də diqqət mərkəzində olacaqdır"
Daha sonra çıxış edənlər jurnala coğrafiya elminin bütün sahələrinə − landşaftşünaslıq, geomorfologiya və paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya və ekocoğrafiya, iqtisadi və sosial coğrafiya ilə yanaşı, Xəzər dənizinin coğrafi problemləri, coğrafi təhsil və dünyagörüşünə aid bölmələrə yer verildiyini qeyd ediblər. Natiqlər nəşrdə həmçinin, yubileylər və konfranslar haqqında da məlumatların olduğunu vurğulayıblar.
Son olaraq yenicə çapa verilən jurnal ətrafında fikir və iradlar dinlənilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB