Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 7-11 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində "Gəncə 2016: Gələcəyə Baxış" forumu keçiriləcək. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov bildirib ki, forumun keçirilməsində məqsəd Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir: "Forum zamanı iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzularda sesiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi Gəncə şəhərinin Avropanın bir çox əhəmiyyətli tədbirlərinə ev sahibliyi etməsi, xarici təcrübənin Azərbaycana gətirilməsi və Azərbaycanın Avropa gənclərinin diqqət mərkəzində olmasına imkan yaradacaq".
Konfransda çıxış edən, Moldova Gənclər Milli Şurasının prezidenti, Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Doru Kroşu qeyd edib ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən təsis olunub: "Titulun təsis olunduğu 2009-cu ildən bəri hər il 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bugünədək Rotterdam, Türin, Atverpen, Praqa, Maribo, Soloniki və Cluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı statusu qazanıblar. Gəncə şəhərinin 2016-cı ildə bu statusu qazanması isə şəhərin Avropa səviyyəsində tanınmasına böyük dəstək verəcək".
Qeyd edək ki, forumda Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş ölkələrin gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB