Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilb. Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR, "Azəriqaz" İstehsalat Birliyi, Neftçala Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məlumat verilib ki, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB