Milli Məclisin bu gün keçirilən plenar iclasında "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib ki, qanun layihəsinin ikinci oxunuş müzakirəsinə təqdim olunan mətndə birinci oxunuş zamanı millət vəkillərinin verdikləri təkliflər nəzərə alınıb.
V. Əhmədov deyib ki, qanun layihəsində sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.
Çıxış edən millət vəkili Sevinc Fətəliyeva sosial reklamın cəmiyət həyatında oynadığı roldan söhbət açıb və qanun layihəsində sosial reklamla bağlı müddəaların olmasını yüksək qiymətləndirib.
Millət vəkili Zahid Oruc isə çıxışında şou verilişlərinin televiziyaların efir vaxtının çox hissəsini zəbt etməsini tənqid edib və problemdən çıxış yolu kimi Televiziya və radio yayımı haqqında qanunda dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb.
Zahid Oruc gizli reklam məsələlərinə də irad bildirib.
Sahibə Qafarova isə deyib ki, mərc oyunlarının reklamı zamanı zaman məhdudiyyətləri qoyulmalıdır.
Millət vəkili Musa Quliyev isə alkoqollu içkilərin reklamının qadağan edilməsi təklifi ilə çıxış edib: "Mənim əlimdə səlahiyyət olsaydı alkoqollu içkilərin reklamların qadağan edərdim. Yaxud da yerli istehsal olan alkoqollu içkilərin reklamına icazə verərdim".
Millət vəkili Azər Badamov bütün reklamların ancaq Azərbayacan dilində yayımlanmasını təklif edib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov alkoqollu içkilərin reklamının qadağan edilməsi barədə fikirlərə münasibət bildirərkən deyib ki, uşaq ailədə normal tərbiyə görsə, onu nə alkoqol. Nə də başqa bir şey ona heç nə edə bilməz.
Milli Məclisin bu gün keçirilən plenar iclası "Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB