Daha 2 kəndə qaz verildi

"Azəriqaz" İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət Nfet Şirkətindən SİA-ya verilən xəbərə görə, aprel 3-də Ağsu rayonunun Maşadqanlı və Qarabağlı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 102 abonenti olan Maşadqanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15005 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 102 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 39 abonenti olan Qarabağlı kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumilikdə 4150 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 39 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə