28-29 mart 2015-ci il tarixində Berlindəki Türk Evinin böyük zalında Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Berlindəki Azərbaycan Evinin əməkdaşlığı ilə "Qarabağ Həqiqətləri Media Kampaniyası" mövzusunda Konfrans və "31 Mart – Azərbaycanlıların soyqırımı Günü" anım mərasimi keçirildi.
SIA-nın məlumatına görə, konfransda Azərbaycan, Bolqarıstan, Hollandiya, Türkiyə, Suriya, Ukrayna, Makedoniya, Rumıniya, Almaniya və Litva nümayəndələri, eləcə də Azərbaycan və Türkiyənin Almaniyadakı səfirliyinin, Berlinin Türk, Türkmən, Tatar və Azərbaycanlı icmalarının təmsilçiləri iştirak ediblər.
Konfransın açılışından əvvəl, "Riçardas Lapaytisin obyektivində Qarabağda müharibə" adlı foto-sərgi təşkil olunmuşdur. Məlum olduğu kimi, Riçardas Lapaytis- litvalı foto-müxbir, Qarabağdakı qanlı hərbi münaqişələrin şahidi olmuş, həmçinin Xocalı hadisələrini lentə almışdır. Artıq uzun illərdir ki, Riçardas Lapaytis "Avrasiya Press" Beynəlxalq Mətbuat Fondunun və Fondun sədri Umud Mirzeyevin dəstəyi ilə hər dəfə Qarabağdakı gündəlik həyat və həqiqətlərin şəklini çəkmək üçün ön cəbhəyə səfərlər edir. Bu şəkillərin çəkilməsi də, "Avrasiya Press" Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə hazırlanmışdır. İki gün davam edən foto-sərgiyə konfrans iştirakçıları tərəfindən böyük maraq göstərilmişdir.
Konfransı salamlama nitqi ilə DTGB-nin sədr müavini Elşad Abdullayev açdı. Türk Dünyasının azadlığı və bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. DTGB-nin sədri Əkrəm Abdullayevin Konfrans iştirakçılarına salamı çatdırıldı. Protokol çıxışları Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədovanın, Türkiyənin Almaniyadakı baş konsulunun müavini Süleyman Güzelin və Makedoniya Parlamentinin üzvü Enes İbrahimin iştirakı ilə davam edib. İştirakçılar arasında Berlinin Türk İcması, Avropa Azərbaycanlıları Konqresi, Avrasiya Gənc Sahibkarlar İttifaqı, Türküstan Araşdırmalar Mərkəzi, Krım-Tatar Məclisi, Bolqarıstanın Vətəndaş Təşkilatlarının İttifaqı, Suriya Türkmənlərinin Hüquqlarının Müdafiə Mərkəzi, Hollandiya Araşdırma Mərkəzi və Türk-Rumın iş adamları Ticarət Palatası kimi təşkilatların rəhbərləri var idi.
Konfrans məruzələrlə davam etdi. Riçardas Lapaytisin çıxışı hər həsin böyük marağına səbəb oldu, hansı ki, şəxsən özünün şahid olduğu Qarabağ hadisələrindən danışdı. Onun çıxışı zamanı özü və həmkarları İlqar Cəfərov və Oleq Litvin tərəfindən çəkilmiş şəkillərdən ibarət slayd-şou göstərildi.
Toplantıda Krım Tatar skripka sənətçisi Timur Vahabovun ifasında musiqi nümünələri səsləndirildi.
Foto-şəkillər sərgisi daha iki gün davam etdi və bu müddət ərzində yüzdən çox insan sərgini ziyarət edib şəkillərlə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB