Dünən 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Türkiyə Radio Televiziya (TRT) qurumunda TRT-nin hazırladığı "Qarabağın səssiz fəryadı" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından soyqırım qurbanları və Azərbaycanla Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla iş üzrə dövlət komitəsinin sədr müavini Valeh Hacıyev, Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və TRT-nin Baş direktoru Şenol Göka çıxış ediblər.
Natiqlər çıxışları zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə 31 martın azərbaycanlıların soyqırımı günü elan etməsinin ermənilərin xalqımıza qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi soyqırım aksiyalarının dünya ictimaiyyətinə çatdırılmasına əhəmiyyətli bir rol oynadığını, Ulu Öndərin bu istiqamətdə gördüyü işlərin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyi və 31 Mart Azərbaycanlıların Soyqırımı gününün Türkiyədə qeyd edilməsinin iki qardaş ölkənin hər zaman yan yana olduqlarının göstəricisi olduğunu qeyd ediblər.
Daha sonra TRT-nin hazırladığı "Qarabağın səssiz fəryadı" filmindən fraqmentlər nümayiş olunub.
Qeyd olunub ki, sözügedən sənədli film 5 hissədən ibarət olaraq TRT Avaz kanalı vasitəsi ilə yayımlanmağa başlayıb. Həmçinin, TRT-nin müxtəlif kanalları Azərbaycanlıların soyqırımı günü ilə bağlı verilişlərə geniş yer ayırıb, sözügedən verilişlərdə Diasporla iş üzrə dövlət komitəsi sədrinin müavini Valeh Hacıyev və Giresun Universitetinin rektoru Aygün Attar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB