Martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov "Ağsu aşırımı"nda yerləşən "Ata yurdu" kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.
Daxili Işlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus "Renault" markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş iki ov tüfəngi götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Həmin cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyənləşdirilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB