Ziyafət Əsgərov: “Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir”

Ziyafət Əsgərov: “Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir”

"Azərbaycandakı hərtərəfli inkişafı yüksək qiymətləndiririk və bu bizi də sevindirir". Bunu ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi Milli Məclisdə keçirdiyi görüşdə deyib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanla Koreyanın dostluq münasibətlərindən danışıb. Xüsusilə də son 10 ildə ölkələrimizin əlaqələrinin inkişafının intensiv xarakter daşıdığını söyləyib. Bildirib ki, regionun lider dövləti olan Azərbaycan müxtəlif sahələrdə uğurlara imza atır.

Z.Əsgərov bildirib ki, Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Birinci vitse-spiker Koreyanın tanınmış şirkətlərinin ölkəmizdəki fəaliyyətindən söz açıb. Azərbaycanın da Koreyaya ciddi sərmayə yatırımı etdiyini və bunun iqtisadi əməkdaşlığın inkişafına yaxşı töhfə verdiyini deyib. O bildirib ki, bu iqtisadi əlaqələrin gələcək inkişafı üçün yaxşı bazadır.

Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi də xalqlarımızın qədim tarixi münasibətlərindən geniş söz açıb. Xalqlarımızın mədəni sahədəki bağlılığını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın hərtərəfli sürətli inkişafı olduqca təqdirəlayiqdir. Ölkəmizi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün apardığı uğurlu təşkilatçılıq işinə görə təbrik edib. Bu oyunların ölkəmizi dünyada daha da tanıdacağına ümidvarlığını bildirib.

Qonaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışarkən bu problemin beynəlxalq hüquq norma və prinsipləri, BMT və digər təşkilatların qəbul etdiyi sənədlərə uyğun həllinin tərəfdarı olduqlarını söyləyib.

Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fəttah Heydərov da ölkələrimizin müxtəlif istiqamətlərdəki əlaqələrindən, narahat edən məsələlərdən, qanunverici orqanlar arasındakı əməkdaşlıqdan danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə