Lənkəranda Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə Heydər Əliyev Mərkəzində təntənəli mərasim keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, MTN Lənkəran Şəhər Şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən foto stendlərlə baxıb, eksponatlarla tanış oldular. Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən mərasimi giriş sözü ilə MTN Lənkəran Şəhər Şöbəsinin rəisi, polkovnik Aydın Piriyev açaraq, təhlükəsizlik orqanlarının keçdiyi 96 illik şərəfli yoldan ətraflı danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından biri olan xüsusi xidmət orqanlarında dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyi keşiyində dayanan, sədaqətli və vətənpərvər insanlar çalışır. Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaşların təhlükəsiz yaşamasında və digər vacib məsələlərdə mühüm rolu var. Milli təhlükəsizlik orqanlarının inkişaf tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində 96 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilməklə ölkəmizdə ilk milli təhlükəsizlik orqanı yaradılıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. 1967-ci ildə respublikanın təhlükəsizlik orqanına general Heydər Əliyevin sədr təyin olunması ilə bu sahədə yeni eranın başlanmasına səbəb olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də isə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümumilli Lider Heydər Əliyevin 1997-ci il 23-mart tarixli fərmanı ilə 28-mart Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
İcra başçısı son 11 ildə dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı. Əlavə etdi ki, Prezident cənab İlham Əliyevin sərəncamları ilə müxtəlif vaxtlarda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə təltif ediliblər. İcra başçısı daha sonra MTN Lənkəran Şəhər Şöbəsi əməkdaşlarının dövlətçiliyimizə xidmət edən yüksək peşəkarlığından danışdı və şöbənin rəisi Aydın Piriyevin Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudovun əmri ilə yüksək polkovnik rütbəsi alması və bütün əməkdaşları əlamətdar gün münasibətilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Tədbirin sonunda MTN-nin Lənkəran rayon şöbəsinin bir qrup əməkdaşı Lənkəran şəhər İcra Hakimiyyətinin fəxri-fərmanları ilə təltif edildilər.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB