Köçkünlərə 236.7 ton ərzaq yardımı aparılıb

Köçkünlərə 236.7 ton ərzaq yardımı aparılıb

SOCAR-da daim diqqət mərkəzində saxlanılan sosial yönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər. SOCAR-dan SİA-ya verilən xəbərə görə, artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən Novruz bayramı münasibəti ilə Ağdam rayonu ''Dördyol 1,2'', ''Təzəkənd'' qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapan 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər qaçqın və məcburi köçkünə ümumi çəkisi 236.7 tona yaxın ərzaq yardımı aparılıb. SOCAR-ın Baş Ofisinin nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, əmin olduqlarını bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaqdır. Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və şirkət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə